«Turan Tovuz»un Premyer Liqanı tərk etmək kimi bir qorxusu yoxdur.
Mövcud durum müvəqqətidir, düzələcək.
İki-üç həftəyə biz artıq başqa şeylər barədə danışacağıq.
Hələlik bütün diqqətimizi hakimliyə yönəltməliyik. Bu sahənin adamları gerçəkdən «Turan»ın baş bəlasına çevrilib.
İlk vaxtlar fikirləşmək olardı ki, komandanın əleyhinə çalınan yanlış fitlər təsadüfdir. Artıq bu, ənənə halını alıb və nəvaxtadək aktuallığını qoruyacaq, söyləməyə çətinlik çəkirik.
«Turan Tovuz» başbilənləri əl-qolunu salıb yanına. Susurlar, səslərini çıxarmırlar. Demirik, biganədirlər. Əməli iş görmürlər, reaksiya vermirlər.
Sosial şəbəkə hesablarında bəyanat yaymaq, paylaşım etmək xırda məsələdir. Komandanı belə qorumurlar.
Gedirsən AFFA və Peşəkar Futbol Liqasının yerləşdiyi binaya, yapışırsan Elxan Səmədovun, Barış Şimşəkin yaxasından, bir az silkələyirsən, ciddidən-ciddiyə sorğulayırsan.
Axı bunu nə qədər demək, yol göstərmək olar?
Belə çətindir onlarla üzbəüz əyləşib, layiq olduqları sərt tonda danışmaq?
Kimdir bu adamlar, niyə Tovuz azarkeşinin əsəbləriylə oynamalıdırlar, məşqçilərin, futbolçuların əziyyətini yerə vursunlar?
Sən bir Əliyarın, bir Kamranbəyin, bir başqasının öhdəsindən gələ bilmirsənsə, Ayxan Abbasovdan heç nə istəyə, tələb edəmməzsən.
Həftəboyu çəkilən zəhməti hər dəfə hansısa bir bivec hakim heç edirsə, o klub böyüyə, irəli gedəmməz.
ELNUR

