Azərbaycan klubunu addım-addım izləyən QARA BƏXT

9 Dekabr 2023 23:00 Turan 913
Azərbaycan klubunu addım-addım izləyən QARA BƏXT

"Turan Tovuz" son 10 qarşılaşmada cəmi 1 qələbə qazana bilib.

Bəs göstərilən oyun?

Əminliklə demək olar ki, komandanın haqq etdiyi bu deyil.

Bölgə klubu bu oyunlarda böyük şanssızlıq, bəzən də haqsızlıqla rastlaşıb.

Əks halda, mənzərə tam başqa ola bilərdi.

Başlayaq həmin 10 oyunluq periodun startından sonuna kimi yaşananları sadalamağa.

1. "Turan Tovuz" - "Qəbələ" - 2:2.

60-cı dəqiqəyə kimi komanda 2:0 öndəydi. Meydanda gedən mübarizə də hər hansı uğursuz sonluqdan xəbər vermirdi. Amma 63-cü dəqiqədə meydana çıxan Osama Xalayla 7 dəqiqədə dubl edərək komandanı 3 xaldan məhrum etdi. İsrailli hücumçunun 15 turdan sonra aktivində cəmi 3 qol var. Onun da ikisi həmin matça təsadüf edir.

2. "Sumqayıt" - "Turan Tovuz" 0:0.

Bərabər səviyyədə keçən görüşə baş hakim Kamal Umudlu öz damğasını vurub. Belə ki, ilk hissədə qonaqların təmiz penalı verilmir. Bu, bəlkə də 3 xalın əldən getməsinə səbəb olur.

3. "Turan Tovuz" - "Neftçi" 0:1.

Ən azı "Neftçi"dən pis oynamayan meydan sahibləri 87-ci dəqiqədə Aaron Olanarenin qolu ilə qələbəni haqq etdiyi halda 1 xaldan da məhrum olur.

4. "Zirə" - "Turan Tovuz" 2:1.

Hakim açıq-aşkar qayda pozuntusunu qeydə almır, davamında isə "Zirə" ikinci dəfə hesabda önə keçir. Matç da elə həmin hesabla başa çatır.

5. "Turan Tovuz" - "Qarabağ" 2:2.

Roderik Millerin qaydalar çərçivəsində vurulan qolu ləğv edilib. "Qarabağ"ın vurduğu ikinci qoldan az əvvəl isə hakim Pusiyə qarşı edilən qayda pozuntusuna göz yumur.

6. "Səbail" - "Turan Tovuz" - 2:1.

İlk hissə qonaqların üstünlüyü ilə başa çatır - 1:0. Oyunun baş hakimi Kamranbəy Rəhimov 38-ci dəqiqədə Səlahət Ağayevə sarı vərəqə yox, haqq etdiyi qırmızı vərəqəni göstərsəydi hər şey tam fərqli ola bilərdi. İkinci yarıya əla başlayan Bayıl təmsilçisi ardıcıl qollar vuraraq sonda 3 xala sahib çıxır.

7. "Turan Tovuz" - "Sabah" - 2:3.

Yüksəlişdə olan "Sabah"la ev oyununda Aydın Bayramov kobud səhvlərlə yadda qalır. 2 dəfə hesabda geri düşsə də geridönüş edən tovuzlular sonda 2:3 uduzmağa məhkum olur.

8. "Turan Tovuz" - "Sumqayıt" 2:2.

Oyuna yaxşı başlayan Ayxan Abbasovun yetirmələri şanssız halda 0:2 geri düşür. İkinci yarıya fırtına kimi başlayan bölgə klubu qısa müddətdə hesaba tarazlıq gətirə bilir. Ardınca yenə qol fürsətləri sağa-sola xərclənincə xal itkisi qaçılmaz olur.

Son 10 oyunluq periodda yalnız "Qəbələ"yə 0:4 hesablı məğlubiyyət yaşanan oyunda "Turan" yaxşı oyunla yadda qalmayıb.

Digər bütün qarşılaşmalarda, hətta iddialılarla görüşlərdə belə yuxarıda sadalanan faktlar göstərir ki, Tovuz təmsilçisi kifayət qədər yaxşı çıxış edib.

Amma gah bəxt, gah da hakim səhvləri komandanı vacib xallardan edib. Əks halda, bu gün "Turan"ı 8-ci pillədə yox, minimum ilk beşlikdə görə bilərdik.

Amma eyni ruhla mübarizə davam etdirilsə, çox güman ki, növbəti turlar xal xanası bir xeyli zənginləşəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti