
«Turan Tovuz»un İdarə Heyətinin sədri Ehtiram Quliyev təcili surətdə AFFA-ya getməlidir.
Düzdür, bu binada onu gözləmirlər, ancaq getməlidir o.
O qapıdan içəri keçməli və səlahiyyətli şəxslərlə görüşməlidir.
Görüşməlidir ki, komandasının başının üzərindən «Domokl qılıncı» kimi asılan hakimlərin, onların başında dayanan zatların qarınının ağrısını öyrənsin.
Öyrənsin ki, bəlkə bir problemləri var, bəlkə nəsə istəyirlər, bəlkə hansısa umacaqları var. VAR də kömək eləmir ta!
«Səbail»lə qarşılaşmanın ilk hissəsində Səlahət Ağayevə qırmızı vərəqə göstərməyən Kamranbəy Rəhimovu qınamıram. Açığı, onda ciddi bir günah görmürəm.
Günah ona hakim gözüylə baxanlarda, Premyer Liqaya yolunu açanlarda, əlinə fit verənlərdədir.
VAR otağında əyləşənlər oyunu tam «soyudanadək» yatdı, sonra Kamranbəyin özünü çağırdılar ki, biz bir fikir hasil edə bilmədik, gəl sən kameraya bax, qərar verər.
Bu da eləmə tənbəllik, qaça-qaça getdi kameraya tərəf, azı 2-3 dəfə onun önündə mürgülədi, sonra da qayıdıb «Səbail»in qapıçısına sarı vərəqə göstərdi.
Cərimə meydançasının xəttindən kənarda topun istiqamətini əliylə dəyişən qapıçıya «qırmızı» verməli olduğunu bilmir Rəhimov?
Doğrudanmı, bu qədər sadəlövhsüz?
«Kamranbəyə ən sadə qaydanı öyrətməyiblər» deyirsiz? Uşaq olmayın!
«Turan Tovuz» artıq neçənci dəfədir ki, belə ağıldankəm qərarlarla qarşılaşır. Bunun adı qərəzdir, qərəz!
Bax, «Turan» dünən Bayılda oyunu Kamranbəyin Səlahəti bağışladığı epizodun tamamında uduzdu. Qonaqlar üçün oyun o dəqiqədə bitdi.
Belə «hakimlər»lə oyuna çıxmaq biabırçılıqdır. Ehtiram Quliyev, Ayxan Abbasov və futbolçular səbrli adamlardır.
Bəzən bir haqsızlığa dözə bilmirsən, kükrəyirsən, ayağa qalxırsan, etirazını dilə gətirirsən.
Bu, davamlı hal olanda isə verilən qərarların sifarişli və qərəzli olmasına inanırsan, əlin də işdən soyuyur.
Mən artıq klubun rəhbərliyində və məşqçilərində o pessimizi görürəm.
MUSA