"Biz avrokuboklar uğrunda oynayan komanda deyilik"

4 Noyabr 2023 01:00 Turan 554
"Biz avrokuboklar uğrunda oynayan komanda deyilik"

"Çətin oyun olacağını bilirdik.

Bütün həftəni bu oyuna hazırlaşmışdıq.

İlk hissədə əlimizə düşən qol epizodlarından istifadə edə bilmədik. İstifadə etsəydik, hesab belə olmazdı".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Turan Tovuz"un qapıçısı Aydın Bayramov Misli Premyer Liqasının 12-ci turunda "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

Jurnalistlərin suallarını cavablandıran qolkiper ilk hissədə rəqib həmkarı Səlahət Ağayevin sarı vərəqə aldığı epizoda belə münasibət bildirib:

"Hələ ki epizodun təkrarına baxmamışam. Buna hakimlər qərar verir. Əgər video təkrara baxıblarsa, deməli, düzgün qərar veriblər.

Dəqiq olaraq epizoda baxandan sonra nəsə deyə bilərəm. Amma bilirəm ki, belə epizodlarda top ələ dəyibsə, qırmızı vərəqədir".

Bayramov penaltini epizoduna qısaca belə şərh verib: "Penalti idi".

Qolkiper rəqibin fərqləndiyi ilk epizodda bəxtinin gətirmədiyini bildirib:

"Birinci qolda top ikimizin arasında qaldı. Ayağımın yanından keçib qapıya daxil oldu. Rəqibin bəxti gətirdi, mənim isə yox".

O, bu mövsüm komandasının qeyri-stabil oynaması fikri ilə razılaşmayıb:

"Mən belə deməzdim. Qələbələrimiz də var. Biz avrokuboklar uğrunda oynayan komanda deyilik. Sadəcə üst pillələr uğrunda mübarizə aparırıq".

Bayramov "Turan Tovuz"un səfər komandası olması fikrini də qəbul etməyib:

"Belə deməzdim. Axırıncı iki oyunda bu fikrin əksini sübut etmişik.

Projektorlar quraşdırıldıqdan sonra öz meydanımızda daha rahat oynayırıq. Daha əvvəl hava şəraiti orda oynamaq bizi sıxırdı".

O, növbəti turda "Sabah"a qarşı keçirəcəkləri matçdan da söz açıb:

"Bu matça hazırlaşmaq üçün bir həftə var. Rəqibi ilk oyunda səfərdə məğlub etmişik, ona görə də "Sabah" bu görüşə aqressiv hazırlaşacaq.

Azarkeşlərimiz qarşısında qələbə qazanmaq istəyirik".

Digər Xəbərlər
Xəbər Lenti