“Turan Tovuz” mövsümün startından bu yana zədə sindromundan əziyyət çəkir.
Bölgə təmsilçisi “Səbail”lə oyuna da itkilərlə çıxacaq.
Piruzi Marakvelidzenin dekabra qədər yaşıl meydan üzünə həsrət qalacağı dəqiqləşib. Yay transferlərindən olan Slavik Alxasov da hələ ki, fərdi məşqlərlə kifayətlənir.
Ötən həftə “Kəpəz”lə qərb derbisindən sonra ayağında ağrılan yaranan Martin Petkov, həmçinin Luis Paçunun “dənizçilər”lə matçda şans qazanması sual altındadır.
Emmanuel Hakman sıraya qayıdıb. Lakin kollektivlə cəmi 1-2 məşqdə iştirak etdiyindən, əsas heyətdə meydana çıxacağı mümkün deyil. Toqolu ən yaxşı halda “23-lük”də yer ala bilər.
Aydın Bayramovun isə səhhətində problem yaranıb. Qapıçı son günlər qripdən əziyyət çəkir.
Baş məşqçi Ayxan Abbasovu sevindirən xəbər Şəhriyar Əliyevin durumunun yaxşılaşması, meydana çıxmağa hazır olmasıdır. Bir aydır oynamayan 31 yaşlı müdafiəçinin bu həftə komandasına kömək edəcəyi real görünür.
Premyer Liqanın 12-ci turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Səbail” – “Turan Tovuz” matçı saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

