“Turan Tovuz”un legioneri tto Con Sportinfo.az-a müsahibə verib.
Nigeriyalı hücumçu “Kəpəz” üzərində qazanılan 4:0 hesablı qələbə haqda sualları cavablandırıb.
- Səmimi danışsaq, oyundan əvvəl bu hesabla qələbə qazanacağınızı gözləyirdin?
- “Kəpəz” sonuncu pillədə yer aldığından, bizimlə oyunda xal və ya xallar qazanmaq istəyirdi. Və bunu ilk hissədə göstərdilər. Biz də 5 oyundur qələbə qazana bilmirdik deyə, məqsədimiz 3 xal almaq idi. Sevinirəm ki, cari mövsümdə Tovuzda azarkeşlərimizin üzünü güldürməyi bacardıq. O ki qaldı sualınıza, şəxsən məni 3 xal düşündürürdü. Nəticənin necə olacağına çox da önəm vermirdim. 1:0, yaxud 4:0 – təki qələbə olsun.
- İlk hissənin son saniyələrində vurduğun qolla hesabı açdın. Bu qolun qələbədə nə dərəcədə rol oynadığını düşünürsən?
- Tək bu matçda yox, bütün görüşlərdə ilk qol vacib xarakter daşıyır. Hesab açılana qədər hər iki komandada narahatlıq vardı. Fasiləyə 1:0 öndə getməyimiz bizi ruhlandırdı, rəqibdə isə ruh düşkünlüyü yaratdı və ikinci yarıda meydanda açıq futbol getdi. Hesab açılmasaydı, ikinci yarıda rəqib bəlkə də qapanacaqdı. Məncə, çox vacib qol idi.
- İmkan olsaydı, 5-ci, 6-cı qolları da vuracaqdınız?
- Əlbəttə. Niyə də yox?! İdmanın bütün növlərində böyük hesabla qalib gəlmək istəyirsən. Hesab arasındakı fərq nə qədər böyük olsa, bu, sənə bir o qədər özgüvən verir.
- Parlaq qələbənin başlıca səbəbi nə idi? “Kəpəz”in zəif olması, yoxsa sizin həddən artıq istəkli olmağınız?
- Rəqibin zəif olduğunu deməzdim. Bu komanda “Qarabağ”, “Neftçi”, “Sabah” kimi komandalarla matçlarda uduzmayıb. Bizimlə matçın ilk yarısında da kifayət qədər təhlükəli görünürdülər. Hətta bir neçə qol imkanları da var idi. Fikrimcə, bizdəki qələbə arzusu daha çox idi. Bu günə qədər azarkeşlərimizin önündə qələbə qazanmamışdıq və bu, bizi sıxırdı. Gücümüzü, sözümüzü bir yerə qoyduq ki, nəhayət qələbə qazanmaq vaxtıdır.
HƏBİB

