“Qarabağ” “Turan Tovuz”la səfər qarşılaşmasında (2:2) vacib xallar itirdi.
Qərb klubunun yarımmüdafiəçisi Veysel Rzayev bununla bağlı Sportinfo.az-a müsahibə verib.
- “Qarabağ”ın son 6 oyunda qələbə qazandığını, sizin isə Tovuzdakı matçlarda xal üzünə həsrət qaldığınızı nəzərə alsaq, güclü rəqibdən xal alacağınızı təsəvvür edirdinizmi?
- Dediyiniz kimi, “Qarabağ” son vaxtlar çox yaxşı formadadır. Oynadıqları futbol və əldə etdikləri qələbələr bunu göstərir. Bizdə isə əksinə, son 4 görüşdə qələbə qazana bilməmişik. Bu, beşinci oldu. “Qarabağ” hər nə qədər güclü olsa da, oyuna çox yaxşı hazırlaşmışdıq və meydanda canımızı qoymağa hazır idik. Bilirdik ki, tapşırıqları yerinə yetirsək nəsə edə bilərik.
- Hesabda iki dəfə geri düşdüyünüzü nəzərə alsaq, nəyin sayəsində 1 xalı əldə etdiniz?
- İstək və motivasiyanın.
- Bu bərabərlik növbəti oyunlar üçün motivasiya mənbəyi ola bilər?
- Mütləq olacaq. Bu gün hər bir futbolçu bir daha başa düşdü ki, komandamızın gücü var və istənilən rəqibdən xal almağa, qələbə qazanmağa layiqdir. “Qarabağ” kimi komandayla heç-heçə oynamaq qələbəyə bərabərdir.
- “Qarabağ” son dəqiqələrdə ikinci qolu vurandan sonra “Turan Tovuz” sanki məğlubiyyətlə barışmışdı. Razısan?
- Elə deməzdim. Düzdür, çətin görünürdü, amma içimizdə inam var idi ki, qalan 6-7 dəqiqə ərzində nəsə etmək olar. “Qarabağ” bizi “sıxsa” da, həvəsdən düşmədik, öz qapımıza “oturmadıq”. Böyük qüvvə ilə irəli atıldıq və lazım olan qolu vurduq.
HƏBİB

