“Turan Tovuz”un legioneri Belajdi Pusi “Qarabağ”la oyunda da komandasının ən yaxşılarından idi.
Son vaxtlar əsas heyətdə görməyə alışdığımız albaniyalı hücumçu bu dəfə ehtiyat oyunçular skamyasında əyləşmişdi.
Buna baxmayaraq, baş məşqçi Ayxan Abbasov ikinci hissənin gedişində “9 nömrə”yə şans verdi. Meydana daxil olandan sonra komandasının ən fəallarından olan Pusi qol vurmasa da, 2:2-lik heç-heçədə yaxından iştirak etdi.
Belajdi Sportinfo.az-a açıqlamasında məlum görüşlə bağlı təəssüratlarını bölüşüb:
“Qarabağ” kimi rəqibdən 1 xal almaq bizi məmnun etməyə bilməz. Bunu xüsusən ev oyununda bacarmaq çox vacib idi.
Əlimizdən gələnin 100 faizini verdik ki, meydanı azı 1 xalla tərk edək. Cari mövsümdə ilk dəfə azarkeşlərimizin üzünü güldürdük.
Bu, nəyə desəniz dəyər. “Qarabağ” hesabda iki dəfə önə keçsə də, ən azı heç-heçə edəcəyimizə inanırdım.
Çünki komandada inam və motivasiya yüksək idi. Üstəlik, tribunalardan möhtəşəm dəstək alırdıq.
Əldə etdiyimiz bərabərlik növbəti oyunlarda bizim üçün motivasiya olacaq. Bir daha əmin olduq ki, istəyəndə hər şey etmək olur”.
Belajdi Pusi cari mövsümdə meydana çıxdığı 10 oyunda 3 qolla yadda qalıb.
HƏBİB

