Tovuz «Turan»a düşmür.
«Turan» nə vaxt ki Tovuzda meydana çıxır, sanki hesabda 0:1 geridəymiş kimi oyuna başlayır.
Tərlan Əhmədli. O da Aydın Bayramovun bir tayıdır. Daim səhvə açıqdır.
Juninyonun 2-ci dəqiqədə vurduğu qola geniş şərh vermək istəmirəm.
«Qarabağ»lılar braziliyalı hücumçunu o qədər təbrik etdilər, Tərlan yaddan çıxdı. Yanından keçəndə ona da bolluca «çox sağ ol» deməli idilər.
Otto Con. Hələ ideal formadan uzaqdır. Conun faydalı olması, qol vurması üçün «Turan» bütün oyunları əks-hücumda keçirməlidir.
Önündə boş zona görüncə, gözünə işıq gəlir, şirə dönür. Lenyovla üzbəüz qaldığı anda ağıllı vuruşu xoşuma gəldi, ondan nələrsə gözləməyə dəyər.
Hakimlik. Bax, bu, bəladır. Baş bəlasıdır. «Turan»ın 49-cu dəqiqədə vurduğu ikinci qolda heç bir qayda pozuntusu yox idi.
Kevin Medina zərbədən öncə özünü qəsdən yerə atmışdı. Fərid Hacıyev meydanda idi, fraqmenti görməyə bilərdi.
Bəs VAR-dakılar? Ayxan Abbasov doğru bənzətmə edir - o otaqda əyləşənlər başqa oyuna baxırmış.
Bu, artıq neçənci belə haldır. «Turan» liderlər qrupundan aralansa, hər şeyi buraxacam hakimlərin vicdanına.
Ondan qabaq təklif edirəm ki, AFFA Hakimlər Komitəsi VAR otağında danışılanların səs yazısını ictimaiyyətə açıqlasın.
Qoy biz də bilək ki, mübahisəli epizodlar zamanı meydandakılarla VAR-da əyləşənlərin arasında hansı söhbət olub, nədən belə eybəcər və haqsız qərarlar veriblər.
VAR-ın tətbiqi ilə hakimlikdəki problemlər tam aradan qalxmayıb, görünən budur. Bu qarışıq durumda «Turan»a antipatiyanın kökünü qazıb çıxarmaq da olmur.
Kim bilir, kök(səbəblər) hara gedib çıxır…
KAMİL

