Mililərin oyunları ilə çempionatımızda yaranmış fasilə başa çatır.
Premyer Liqa həvəskarları təxminən iki həftəlik intizardan sonra biri-birindən maraqlı beş oyuna şahidlik edəcək.
Bu mənada bəxt quşunun tovuzluların başına qonduğunu deyə bilərik.
Ölkənin ən tanınan simaları, elitanın iki şərikli lideri bu həftə qərbli fanatların qonağı olacaq.
“Qarabağ”ın futbolçularını yaxından görmək, onlardan imza almaq, onlarla şəkil çəkdirmək hər fürsətdə ələ düşmür.
Bu gün Tovuzda əsl bayram ab-havası olacaq. Oyunun axşam çağında, yəni iş və dərs saatlarının yekununda başlaması yerli azarkeşlərin əhvalını yüksəldib.
“Qarabağ”ın bölgələrə səfər etməsi yerli camaatın sevincinə səbəb olur. Həmin gün sevimli komandaları bir tərəfdə qalır, əsasən ölkəmizin Avropadakı qüruruna tamaşa edirlər. Tək Tovuzda yox, hər yerdə belədir.
“Qarabağ” bayramı başa çatan kimi növbəti xoş gün başlayacaq. Bu dəfə tovuzluların əzəli rəqibi “Kəpəz” ev matçında “Zirə”də qəbul edəcək. Lakin Gəncədə yox, Tovuzda.
Həm prinsipial rəqibin ev stadionu kimi Tovuzdakı arenadan istifadə etməsi, həm cari mövsümdə təəccübləndirməkdə davam edən Rəşad Sadıqovlu “Zirə”nin göz qabağında olması, həm də ardıcıl iki gün eyni meydanda Premyer Liqa görüşünün keçirilməsi hər imkanda ələ düşmür.
Qısası, yerli azarkeşlərlə yanaşı ümumi ölkə futbolunun camiəsi gözlərini Tovuzdakı oyunlara zilləyəcək.
By gün keçiriləcək “Turan Tovuz” – “Qarabağ” qarşılaşması saat 18:30-da başlayacaq.
Oktyabrın 21-nə nəzərdə tutulan “Kəpəz” – “Zirə” duelinin start fiti 15:00-da çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

