“Milliyə görə yaranmış fasilədən istifadə etməyə çalışdıq.
“Araz”la yaxşı yoxlama görüşü oldu. Belə oyunlar vacibdir.
Bəzi az oynayan və zədədən qayıdan futbolçuları görmək istəyirdik. Çünki onlar da belə oyunlarla inkişaf edirlər.
Ən təəssüf etdiyim hal Aydın Bayramovun zədələnmısi oldu”.
Bu fikirləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov dilə gətirib.
Xəbər verdiyimiz kimi, Aydına kimi komandanın bir neçə əsas siması da zədədən əziyyət çəkir. Çempionatın ən gərgin dönəmində xoş olmayan mənzərə ilə üz-üzə qalan təcrübəli mütəxəssis son durumu dilə gətirib:
“Hər komanda il ərzində belə situasiya ilə üz-üzə qalır. Biz də oxşar vəziyyətlə qarşılaşmışıq.
Emmanuel Hakman, Slavik Alxasov, Piruzi Marakvelidze və Martin Petkov zədəlilər arasındaydı. “Neftçi” ilə oyunda zədə alan Şəhriyar Əliyevin də durumu ciddidir.
Ən azı, iki həftə olmayacaq. Xəyal Nəcəfov “Araz”la oyundan öncəki məşqdə zədə aldı. Yoxlama görüşündə də Aydın Bayramovu itirdik.
Əlbəttə, tez sağalmaların gözləyəcəyik. Qarşıdan ağır oyunlar gəlir. Hər birinə ehtiyacımız var.
Martin və Slavik bizə qoşulmalıdır. Digərləri ilə bağlı isə hələ gözləməli olacağıq”.
Fasilədən sonra Tovuz təmsilçisin ağır oyun gözləyir. Bölgə klubu bu gün doğma meydanda “Qarabağ”la qarşılaşacaq. Abbasov bu matç haqda da danışıb:
“Qarabağ” çempionatın ən güclü komandasıdır. Digər rəqiblərə qarşı necə mübarizə aparmışıqsa, “Qarabağ”la görüşə də o şəkildə hazırlaşırıq”.
XANOĞLAN

