Üç günlük fasilədən sonra bir araya gələn “Turan Tovuz” məşqlərini Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.
Bölgə təmsilçisinin tam tərkibdə məşq edə bilməməsi baş məşqçi Ayxan Abbasovu qayğılandırır.
Oktyabrın 20-də doğma meydanda “Qarabağ”la qarşılaşacaq qərblilər zədəlilərin çoxluğundan əziyyət çəkir.
Hazırda 5 futbolçu kollektiv çalışmalardan kənar qalıb. Bunlar Şəhriyar Əliyev, Emmanuel Hakman, Slavik Alxasov, Piruzi Marakvelidze və Martin Petkovdur.
Piruzi ilə Şəhriyarın durumu ürəkaçan deyil. Dizindən xəsarət alan Əliyevlə əzələsində dartılma aşkarlanan Marakvelidze yaxın bir həftə ərzində müalicə alacaq.
Bu isə o deməkdir ki, adları çəkilənlər heç bir halda “Qarabağ”a qarşı oynaya bilməyəcək.
Hakmanla Petkov növbəti həftə kollektiv çalışmalara qoşulacaq. Lakin ağdamlılarla oyuna qədər tam hazır olub-olmayacaqları bilinmir. Suala müalicənin və bərpanın gedişatı aydınlıq gətirəcək.
Fərdi məşq edən Slavik 2-3 gündən sonra komanda ilə məşqlərə start verəcək. Alxasovun növbəti matçda “23-lük”də olacağı şübhə doğurmur.
Sevindirici məqam “Zirə” ilə görüşün fasiləsində əvəzlənən Roderik Millerin durumunun qənaətbəxş olmasıdır. 31 yaşlı müdafiəçi komanda çalışmalarında iştirak edir və “Qarabağ”a qarşı forma geyinmək şansı yüksəkdir.
Oktyabrın 20-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qarabağ” qarşılaşması saat 18:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

