“Kəpəz” növbəti ev oyunlarını Tovuzda keçirəcək.
Gəncə şəhər stadionunda aparılan söküntü işləri ilə bağlı qərb təmsilçisi rəqiblərini qonşu şəhərdə qəbul edəcək.
Vəziyyətin bu cür olması “Turan Tovuz”un işini çətinə salıb. Klubda çalışan hər kəs 10-cu turun oyunları zamanı yaranacaq durumun həllini tapmaq üçün “baş sındırır”.
Məsələ nədir?
Oktyabrın 20-də “Turan Tovuz” “Qarabağ”ı qəbul edəcək. Bundan bir gün sonra həmin stadionda “Kəpəz” “Zirə”ni qəbul edəcək, “Turan Tovuz-2” “Qarabağ-2” ilə qarşılaşacaq.
İki gün içində 3 oyunun keçirilməsi azmış kimi, “Turan Tovuz”un U-15, U-17 və U-19 komandaları növbəti turun matçları üçün orada məşq etməlidir.
Bu, bilirsiniz, nə deməkdir?
Şənbə və bazar günü bir meydan 3 rəsmi oyunu qəbul etməli, 6 komandanın oyunöncəsi son məşqinə qucaq açmalı və aşağı yaş qruplarının komandaları orada hazırlıq keçməlidir.
Xüsusən “Turan-2” – “Qarabağ-2” və “Kəpəz” – “Zirə” qarşılaşmalarının eyni günə təsadüf etməsi kifayət qədər çətin görünür.
Komandalar oyunlara hazırlaşmalı, hakimlər və komandalar üçün paltardəyişmə otaqları hazır vəziyyətə gətirilməli, iclaslar keçirilməlidir.
Olduqca çətin duruma düşən “Turan Tovuz” rəsmiləri məsələ ilə bağlı çempionatların təşkilinə və keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqasına müraciət edəcək.
“Kəpəz”in rəqiblərini Tovuzda qəbul etməsi ilə bağlı çətinlik yoxdur. Klubun baş sponsoru “Huner Group”un əsas adamı Ehtiram Quliyev gəncəlilərə stadionun qapılarının onların üzünə açıq olduğunu bildirib.
Tovuzluların istəyi şənbə günü əvəzedicilərin oyunun başlama saatını münasib vaxta təyin etmək, digər yaş qruplarından ibarət komandaların matçlarının vaxtında mümkün qədər dəyişiklik etməkdir. Ki, həmin kollektivlər qarşıdakı matçlara lazımi səviyyədə hazırlaşa bilsin.
Bu məsələdə PFL-də çalışanların da “məngənədə sıxıldığını” nəzərə alsaq, hansı qərarların qəbul olunacağı maraq doğurur.
HƏBİB / SPORTİNFO.AZ

