“Turan Tovuz”un legioneri Otto Con Sportinfo.az-a açıqlama verib.
Nigeriyalı forvard “Zirə”yə 1:2 hesablı yenilgini bu cür şərh edib:
“Bura qələbə qazanmaq üçün gəlmişdik. Rəqib turnir cədvəlinin lideri olsa da, məqsədimiz 3 xal almaq idi.
Bunun üçün əlimizdən gələni etdik. Hətta hesabın 1:1 olması da hardasa işimizə yarayırdı, lakin cərimə zərbəsindən gözləmədiyimiz qolu buraxıb heç-heçədən də məhrum olduq”.
9 oyunda aktivinə 11 xal yazan bölgə təmsilçisi qeyri-sabitliyi ilə diqqət çəkir. Tovuzlular cari mövsümdə indiyə qədər ardıcıl 2 oyunda qələbə qazana bilməyib.
Son 4 qarşılaşmada isə 3 xal üzünə həsrətdir. 25 yaşlı afrikalı bunun səbəbini çempionatın gərgin keçməsi və rəqiblərin gücü ilə əlaqələndirib:
“Son 2 oyunda uduzduğumuz “Neftçi” ilə “Zirə”nin imkanları yaxşıdır. Digər rəqiblər də öz oyunları ilə gücünü göstərməyi bacarır.
Ümumi götürsək, çempionat gərgin və maraqlı keçir. İstənilən komanda rəqibindən xal almağı bacarır. Belə olduğu halda qələbələri sıralamaq çətin görünür.
Hamı kimi biz də sabitlik istəyirik. Ən böyük arzumuz hər dəfə yanımızda olan azarkeşlərimizi sevindirməkdir. Dediyim kimi, nəticə hər dəfə biz istəyən kimi olmur. Bu da rəqiblərin gücü və təcrübəsi ilə bağlıdır”.
Otto Con cari mövsümdə “Turan Tovuz”un heyətində meydana çıxdığı 9 görüşdə 1 qolla yadda qalıb.
HƏBİB

