Çempionatdakı işləri qaydasında getməyən “Turan Tovuz” yayda gerçəkləşdirdiyi transferlərdən istədiyi effekti ala bilmir.
Dəqiq desək, bəziləri hələ ki, komandaya gözlənilən effekti vermir.
Onlardan biri də Otto Condur.
Düzdür, nigeriyalı hücumçu 9 oyunun hamısında meydanda olub. Lakin əsas heyətdə şans qazandığı matçların sayı 2-dir.
Vur-tut 254 dəqiqə şans qazanan 25 yaşlı futbolçu bu müddətdə 1 qol vurub, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Halbuki, Con “Araz-Naxçıvan”la birinci turda sərgilədiyi oyun və vurduğu qolla özü haqda müsbət fikirlər formalaşdırmış, Natan Oduva ilə Rni Evanı unutduracağına işarə vermişdi.
Görünən budur ki, Otto baş məşqçi Ayxan Abbasovun etimadını qazanmaqda çətinlik çəkir. Futbolçu ideal formada olsa, Abbasov həyatı boyu onu ehtiyatda saxlamaz. Daim güvənər, adını “11-liy”ə salar.
Səbəbkar Sportinfo.az-a verdiyi açıqlamada bu məsələdə özünü günahlandırıb:
“Futbolda bu cür hallar olur, buna normal yanaşıram. Hansısa ruh düşkünlüyündən söhbət gedə bilməz. Az oynayıramsa və ya ehtiyatda qalıramsa, bu, mənə əlavə motivasiya verir.
Heç bir məşqçi hazır futbolçunu kənarda saxlamaz. Demək ki, daha çox çalışmalıyam, komandaya uyğunlaşmalıyam.
Mən də bunun üçün çalışıram. Baş məşqçinin qərarına hörmətlə yanaşıram.
Əminəm ki, 100 faiz hazır olduğum anda mənə “11-lik”də şans verəcək. O, məndən meydanda olan döbəmdə topa daha çox nəzarət etməyi, özümdə saxlamağı, çətin anlarda komanda üçün döyüşməyi istəyir”.
Vaxtilə Nigeriyada “36 Lion”, Bosniya və Hersoqovinada “Trepça 80”, “Priştina”, “Dukarkini”, Albaniyada “Skenderbü” kimi komandaların şərəfini qorumuş nigeriyalı futbolçunu səmimi etiraflarına görə alqışlamamaq mümkün deyil.
Ehtiyatda qalmasına görə günahı özündə görürsə, bu, əsl peşəkarlıqdır.
HƏBİB

