“Turan Tovuz”un müdafiəçisi Sərtan Taşkın Sportinfo.az-a müsahibə verib.
26 yaşlı cinah oyunçusu komandasının “Zirə”yə 1:2 hesablı məğlubiyyəti şərh edib, digər sualları cavablandırıb.
- Niyə məğlub oldunuz?
- “Zirə” çempionata yaxşı başlayıb və gördüyünüz kimi, ilk pillədəki yerini qoruyur. Hiss olunur ki, iddiaları yüksəkdir. Buna baxmayaraq, meydana qələbə üçün çıxmışdıq. Ələ düşən imkanlardan istifadə edə bilmədik, onlar isə lazım olan qolları vurdular.
- Bəs, siz niyə vura bilmirsiniz?
- Səhvlərimizdən dərs çıxarmalıyıq. Çempionat uzun marafondur. Hələ ki bir dövrə geridə qalıb, qarşıda daha üçn dövrə var.
- Hər matçda fərdi səhvlərin güdazına gedirsiniz. Səhvlər isə sıralanır...
- Bütün komandalar səhvə yol verir. Səhv olmasa, rəqib qol vura bilməz. Bizim ən böyük problemimiz uyğunlaşma ilə bağlıdır. Komandaya 10-dan çox futbolçu gəlib. Uyğunlaşma dövrünü keçməyə çalışırıq. Bunu uğurla adlayandan sonra nəticələr də yaxşıya doğru dəyişəcək.
- Son 3 ili “Zirə”də keçirmişdin. Bu komandaya qarşı rəqib qismində mübarizə aparmaq necə hiss idi?
- Meydana çıxanda qəribə hislər keçirdim. Bunu etiraf etməliyəm. Bu stadionda, bu komandada yaxşı günlərim olub. Lakin sonradan vəziyyət mənim üçün adiləşdi, bütünlüklə oyuna kökləndim.
- Su istəyəndə, söz demək istəyəndə ehtiyat oyunçular skamyasının və ya baş məşqçilərin yerini səhv salmırdın?
- Xeyr, belə bir şey olmadı (gülür).
HƏBİB

