“İnanırsız, hamı bu sualı verir mənə - Getmir də, getmir”

20 Sentyabr 2023 20:00 Turan 813
“İnanırsız, hamı bu sualı verir mənə - Getmir də, getmir”

“Turan Tovuz”un müdafiəçisi Tərlan Quliyev Sportinfo.az-a müsahibə verib.

Təcrübəli futbolçu komandasının “Qəbələ” ilə oyununu şərh edib, digər sualları cavablandırıb.

- 2:0 hesabı ilə öndə olduğunuz oyundan 1 xalla ayrıldınız. Sonluq niyə belə oldu?

- “Qəbələ” öncəki turda qələbə qazanmışdı. Bilirdik ki, Tovuza da 3 xal dalınca gələcəklər. Nəticələr istədikləri kimi olmasa da, “Qəbələ”nin təcrübəsinə söz ola bilməz. Bütün bunları göz önünə alıb oyuna ciddi hazırlaşmışdıq. Dediyiniz kimi, 2 top fərqi ilə önə çıxmağı bacardıq. Lakin qələbə hesabını qoruya bilmədik. Hansısa epizodlarda boşluqlara yol verdik.

- Rahatlıq, arxayınlıq – bunların da rolu oldu?

- Arxayınlıq deməzdim. Bəlkə də rahatlıq və üçüncü qolu vurmaq istəyi səbəb oldu. Etiraf edək ki, rəqibin ilk qolu baxımlı alındı. Həm qolun özü, həm də kombinasiya yaxşı idi. Penalti epizodundan isə diqqətliyə yol verdik. Qarşıda “Sumqayıt”la səfər görüşü var, ona hazırlaşacağıq.

- Konkret səhviniz harada oldu?

- Hesabda öndə olduğumuz vaxt komanda sakitləşməliydi. Rəqib va-bank gedirdi və hiss olunurdu ki, futbolçular qırmızı vərəqə almağa da hazırdırlar. Yəni o dərəcədə döyüşür, mübarizə aparırdılar. Biz onlarla ayaqlaşmalı deyildik. Tempi salmalı, oyunu və özümüzü sakitləşdirməliydik. Bəzən meydanın bu başından o başına qışqırırdım ki, tələsməyin, sakitləşin. Hətta qapıçımız Aydına da tələsməməyi deyirdim.

- Tələskənlik nə ilə bağlı idi? 3-cü qolu vurmaq istəyidiniz?

- Hesabda 2 top öndəsənsə, toup götürüb hər imkanda irəli qaçmağa gərək yoxdur. Top saxlamalısan, rəqibi yormalısan. Biz bunu etmək əvəzinə hər dəfə hücuma atılırdıq.

- Tovuzda uğurlu nəticə qazanmaqda niyə çətinlik çəkirsiz?

- İnanırsınız, hamı bu sualı verir mənə. Özüm də başa düşə bilmirəm. Getmir də, getmir.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti