Tovuzda qələbə qazanmaq «Turan» üçün məşəqqətə dönüb.
Heç cür alındıra bilmirlər.
Doğma rayon bu komandaya düşmür. Kim o stadiona nə edib, nə qarğış töküb, mütləq araşdırılsın.
Vallah, day mənim ağlıma başqa fikir gəlmir. Bəlkə də meydançaya qurd yağı sürtüblər.
Nə desən, olar. «Turan» burada çətinliklə qol vurur, asanlıqla qol buraxır. Sanki seriyadır, davamı var. Heç təsadüfə oxşamır.
Klub rəhbərliyinə təklif edirəm ki, bazada, stadionun ətrafında, meydanın dörd bir yanında dezinfeksiya işləri aparsınlar.
Eşitdiyimə görə, xadimələr bir neçə dəfə paltardəyişmə otağında caduya bənzər bükülü tapıblar. Açıb baxıblar, içindən iynə-sap, dırnaq, nə bilim, nə çıxıb ta!
Nə biləsən kim edib bu mərdiməzarlığı. Haradan baxırsan bax, «Turan» evdəki oyunlarda qalibiyyət üzü görməməsi təəccüb və şübhə doğurmaya bilməz.
Bu müəmmanın üstü təcili açılmalıdır, yoxsa pis bir şeylərin baş verəcəyi gəlir ağlıma.
Olmasın keçənilki çempionatda yaşanan hadisələr. Getsin o günlər, bir də gəlməsin.
Aydın Bayramov haqda bir söz demək istəyirəm. Bu qapıçını çox şişirdiblər, üstünə getməyin.
Özü də bilməlidir ki, o deyil.
Osama Xalaylanın hesab arasındakı fərqi azaltdığı epizodda top elə Aydının kobud mövqe seçimindən sonra qapı xəttini keçdi.
Milliyə namizəd qapıçı bu cür top buraxmamalıdır. Gələn tur Bayramovu ehtiyat skamyada görmək ümidi ilə…
ELNUR