"Turan"dan uğurlu start və daha parlaq gələcək ehtimalı

9 Sentyabr 2023 23:40 Turan 637
"Turan"dan uğurlu start və daha parlaq gələcək ehtimalı

Premyer Liqanın arxada qalan 5 turunda ümidləri artıqlaması ilə doğruldan komandalardan biri “Turan Tovuz” oldu.

Bölgə klubu yay fasiləsində köklü dəyişiklərə getdi.

10 futbolçu ilə yolları ayıran Qərb təsmilçisi 11 yeni oyunçu ilə gücləndi.

Belədə adaptasiya üçün əlavə zaman lazım olduğu qaçılmaz idi.

Yəqin ki, baş məşqçi Ayxan Abbasov startda xal itkilərinin baş tutmaq ehtimalını da göz önünə almışdı.

Amma hər şeyin gözləniləndən yaxşı keçdiyini iddia etmək olar.

Hər halda, 5 oyunda 3 qələbə qazanan kollektiv hazırda ən yaxşı nəticə göstərən iki komandadan biridir.

Xüsusilə “Sabah” üzərindəki parlaq səfər qələbəsi qeyd olunmalıdır.

Elə mövsümə surpriz start verən “Araz Naxçıvan”, “Neftçi” və “Qarabağ”a başağrısı olan “Kəpəz” üzərində qazanılan qələbələrin də dəyəri kiçildilə bilməz.

“Qarabağ”dan alınan yenilgi normal qarşılanırsa, yalnız “Səbail”lə evdəki məğlubiyyət (1:3) gözlənilməz oldu.

Yəqin ki, həmin uğursuz oyunun da kökündə məhz heyətin hələ tam Ayxan Abbasov istədiyi sistemə uyğuşmamasıdır.

Açığı, nəticələr artıqlaması ilə ürəkaçan olsa da, oyun olaraq eyni sözləri demək hələ tezdir.

Boşluqlar olduğu aydın görünür. Xətlərarasında əlaqə güclənməlidir. Baxımlı oyun eləemetləri azdır.

Milli komandalara görə yaranan fasiləni bu baxımdan “Turan” üçün göydəndüşmə hesab etmək olar.

Məncə, yenilənən kollektivin potensialı daha artığına sahibdir. Qalır zamanla Abbasovun bunu futbolçulardan qoparması.

Bu komanda adaptasiya prosesini tezləşdirsə, yenilər təcrübəli mütəxəssisin aşıladığı sistemə alışa bilsə, qarşıdakı dönəmdə biz daha təhlükəli “Turan” görə bilərik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti