
“İnanırsınız, Tovuzda oynayanda sanki əl-qolumuz bağlanır, komandaya nəsə olur”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev deyib.
Bölgə təmsilçisi ötən mövsümün yekununda topladığı 39 xalın 23-ünə səfər matçlarında imza atmışdı. “Ev”də isə cəmi 16 xala sevinmişdi.
Cari çempionatda da eyni hal müşahidə olunmaqdadır. Ayxan Abbasovun yetirmələri səfərdə oynadığı 4 matçın 3-nü qələbə ilə başa vurduğu halda, Tovuzda keçirdiyi yeganə qarşılaşmada “Səbail”ə uduzub.
Qısası, qərb təmsilçisi doğma meydanda uğurlu nəticə qazanmaqda çətinlik çəkir.
Müdafiəçi çoxlarını düşündürən sualla başlıca səbəb göstərib:
“Mənə elə gəlir ki, bu, həyəcan və istəklə bağlıdır. Səfərdə oynayanda müəyyən mənada rahat oluruq. Amma Tovuzda meydana çıxanda dolu tribunalar məsuliyyətimizi birə-beş artırır.
Düşünürsən ki, bu qədər azarkeş komandanı dəstəkləməyə gəlib, Allah göstərməsin, uduzsaq, onların üzünə necə baxacağıq.
Bəzən tələsirik, bəzən nəsə alınmayanda hirslənirik. Ona görə də istədiyimiz və düşündüyümüz oyunu nümayiş etdirməkdə çətinlik çəkirik.
Bəzən dayanıb baxıram, özüm də komandanı tanıya bilmirəm. Axı, səfərdə belə oynamırıq”.
Şəhriyarın fikrincə, vəziyyətin bu cür olmasına süni örtüyün də rolu var:
“Düzdür, rəqiblərimiz də Tovuza gələndə süni örtükdə oynayır. Amma etiraf etməliyəm ki, “sintetika”da qaçmaq çox çətindir.
Səfər görüşlərində təbii qazonda oynamaq adama rahatlıq verir, düşündüklərini rahat həyata keçirə bilirsən.
İnşallah, yaxın gələcəkdə Tovuzda da təbii örtük olar. Buna böyük ümidim var”.
“Turan Tovuz” cari mövsümdə “Araz-Naxçıvan”, “Kəpəz” və “Sabah” kimi rəqiblərini səfərdə məğlub etməklə topladığı 9 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
HƏBİB