Pul topladıq, bəs bizə verilən söz?

4 Sentyabr 2023 20:00 Turan 519
Pul topladıq, bəs bizə verilən söz?

Hələ ötən ilin yayından “Turan Tovuz”a avtobus alınması yönündə aksiya başladılmışdı.

Futbolun İnkişaf Fondunun tərtib etdiyi “100k” layihəsi çərçivəsində insanlar kluba nəqliyyat vasitəsinin alınması üçün şəxsi vəsaitindən ianə etməliydi ki, vəsait toplandıqdan sonra avtobus alınacaq və yardım edən şəxslərin şəkilləri onun üzərinə yapışdırılacaqdı.

Artıq 6 aydır avtobus alınaraq bölgə təmsilçisinin ixtiyarına verilib. Lakin “100k” layihəsi çərçivəsində piksel alanların fotoları hələ də nəqliyyat vasitəsinin üzərində görünmür.

Halbuki, may ayında mövzu ilə bağlı FİF-in kommunikasiya meneceri Mehriban Mürsəlova ilə danışanda, qurumun rəsmisi şəkillərin ən qısa zamanda avtobusun üzərinə vurulacağını bildirmişdi.

Üstündən 3 ay keçəndən sonra Mehriban xanımla yenidən əlaqə saxladıq. Məlum oldu ki, prosesin yekunlaşması bir qədər də vaxt aparacaq:

“Saytda işlər hələ də davam edir. Yaranmış problemləri yoluna qoymağa çalışırıq ki, piksellər ən qısa zamanda avtobusun üzərində olsun.

Sayt işidir, müəyyən problemlər yaranır və onların həlli müəyyən zaman alır. Digər tərəfdən mərhələlər fərqli formada davam edir. Ona görə də yubanmalar olur.

Yubanma prosesinə saytdakı donmaların, atmaların təsiri olub. Çünki, sayt fərqlidir və 7140 ədəd pikselə şəkillər yüklənir.

Bu, “Kəpəz 100k” layihəsinə də aiddir. Hazırda işin tamamlanması üzərində iş gedir. Ən qısa zamanda həll olunacağına ümid edirik”.

Maraq üçün bildirək ki, “Turan Tovuz” üçün 200 min manata alınan avtobusun xərcinin tam yarısını klubun baş sponsoru “Huner Group” qarşılayıb, yerdə qalan 100 mini isə məlum ianə kompaniyasının sayəsində yığılıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti