
“Bəzən belə məğlubiyyətlər olur.
Səhvlərimizə baxıb, nəticə çıxarmalıyıq”.
“Turan Tovuz”un albaniyalı hücumçusu Belajdi Pusi Sportinfo.az-a açıqlamasında komandasının “Səbail”ə məğlubiyyətini şərh edib.
Tovuzda keçirilən matçın əvvəlində qapısında erkən qol görən meydan sahibləri yekunda 1:3 hesabı ilə uduzdu. Bölgə təmsilçisi cari mövsümdəki ilk ev oyununda qələbə qazana bilmədisə, “dənizçilər” çempionatda ilk dəfə 33 xala sevindi.
Pusi məğlubiyyətin əsas səbəbini buraxdıqları erkən qolla və uyğunlaşma prosesinin başa çatmaması ilə əlaqələndirib:
“Həftəboyu bu oyuna hazırlaşmışdıq, əziyyət çəkmişdik. Matçın əvvəlində buraxdığımız erkən qol işimizi çətinləşdirdi.
Sona yaxın hesab arasındakı fərqi azaltsaq da, rəqibin əks-hücumu zamanı növbəti topu buraxdıq.
Mövsümün əvvəlidir, ola bilsin komanda tam oturuşmayıb. Gördüyünüz kimi, əsas heyətdə yer alanların çoxu yeni gələnlərdir.
Dediyim kimi, həvəsdən düşməməliyik. Növbəti görüşlərdə bu məğlubiyyəti unutdurmalıyıq”.
Albaniyalı futbolçu azarkeşlərin adına üzgündür. O, növbəti oyunlarda komandasının uğurlu olacağını düşünür:
“Stadiona bu qədər avarkeş gəlmişdi. Ən böyük istəyimiz onları qələbə ilə sevindirmək idi.
Sağ olsunlar, əvvəldən sona qədər dəstək verdilər. Hətta məğlub olmağımıza baxmayaraq, hakimin final fitindən sonra alqışladılar.
Növbəti ev oyununda onları qalibiyyətlə sevindirməyə çalışacağıq”.
“Turan Tovuz” növbəti matçını səfərdə “Sabah”a qarşı keçirəcək, ardınca doğma meydanda “Qəbələ”ni qəbul edəcək.
HƏBİB