
Mənim xəbərim yoxdur, bəlkə siz bilərsiz - “Turan Tovuz” çempionluq uğrunda mübarizə aparır?
Olmaya medallardan birinə iddia edirlər, avrokuboklara vəsiqə qazanmaq istəyirlər?
Deyəsən yox axı.
Belə bir hədəflə yeni mövsümə başladıqlarını nə klubun sahibi Ehtiram Quliyev, nə icraçı direktor Nadir Nəbiyev, nə də baş məşqçi Ayxan Abbasovun dilindən eşitmişik.
Özünü «Turan»ın azarkeşi sayanların hərəkəti mənə çatmır da. Oyunun son dəqiqələri gedir, onlar isə kütləvi surətdə tribunanı tərk edirlər.
Hərənin ağzından bir avaz gəlir, deyinirlər. «Turan» sevgisi budur?
Komandan dəstəyə ehtiyacı var ikən, «12-ci oyunçu»nun hayqırtısını, «irəli» sədalarını eşitməyə tamarzı ikən, çırpıntı içində gözünü ətrafa zilləyərkən, belə bir müsibətin onlara yaşadılması düzgündürmü heç?
Adamlar, ayaq saxlayın bir! “Turan”dır ey, bu, “Turan!
Doğma rayonunuzun fəxri, simvolu, brendi. Çətin anda onu tək buraxıb gedənlər, stadionu tez tərk etməyə tələsənlər əsl «Turan»sevər ola bilməz.
Mən bu kəsləri, uzaqbaşı, «tamaşaçı» adlandıra bilərəm. Doğma yurdunun əziz klubuna canı yanmayan, stadiona elə candərdi gələn biganə tamaşaçı.
Komanda udar da, uduzar da. Bir şey ki hədəf Premyer Liqada qalmaqdır, həqiqi tərəfdar gerçək mənzərəni gözünün önündən silib atmaz.
Hər halı, hər anı ilə onun arxasınca gələr, ondan qabaq stadiondan ayaq götürüb getməz.
ELXAN