VİP-i düşünüb, medianı “ayaq altına” atdılar - FOTOLAR

26 Avqust 2023 20:00 Turan 942
VİP-i düşünüb, medianı “ayaq altına” atdılar - FOTOLAR

“Turan Tovuz” 3 aylıq fasilədən sonra rəqibini doğma meydanda qəbul etdi.

“Səbail”lə oyunu işıqlandırmaq üçün yollandığımız Tovuzda əsl futbol ab-havası müşahidə olunurdu.

Matç şənbə gününə, üstəlik, axşamüstü saat 5-ə təsadüf etdiyindən, arenanın yolunu tutanların sayı əvvəlki görüşlərə nisbətən çox idi.

İnsaf naminə, tribunada yerini bərkidənlərin çoxu tamaşaçı yox, əsl azarkeş idi. 90 dəqiqə susmaq bilməyən fanatlar hətta sevimli komandaları hesabda geri düşdüyü anlarda belə, susmaq bilmədən “Turan Tovuz”u dəstəkləyirdi.

Yay aylarında stadionda aparılan təmir və yenidənqurma işləri diqqət çəkməyə bilməzdi. Tablo hələ ötən mövsümün sonunda işlək vəziyyətə gətirilmişdisə, projektor dirəkləri öz lampalarını gözləyir.

Xüsusi qonaqların (klub rəhbərləri, sponsorlar, futbolçuların ailə üzvləri) əyləşməsi üçün nəzərdə tutulan skay-bokslar təmir olunub, oyunu rahat izləmələri üçün şərait xeyli yaxşılaşdırılıb.

Bu qədər iş görüldüyü halda, media mənsubları üçün rahatlıq yaratmaq yaddan çıxıb. Əksinə, indiki şərait əvvəlki ilə müqayisədə geriləyib.

Media sektor VİP sektora bilet alan azarkeşlərin ayaqlarının altında yerləşdirilib ki, oyuna rahat izləmək imkanımız yox dərəcəsindədir.

İlk hissədə “Turan Tovuz”un, fasilədən sonra “Səbail”in qapısına edilən hücumlar zamanı cərimə meydançasında baş verənləri yox, polislə mühafizəçinin arxa hissəsini görürdük.

Media sektorda oturub redaksiyaya yazı göndərmək üçün arxamızda əyləşən VİP azarkeşlərin söhbətinin başa çatmasını gözləməyimiz mütləqdir.

Onlar söhbətin bir hissəsini başa vuran kimi jurnalist bir neçə cümlə yazıb göndərməlidir. Çünki, onlar söhbətə davam edəndə biz yenə gözləməliyik.

Bu cümlələri yazan anda bilgisayarımın ekranını masaya tərəf əyirəm ki, arxamda əyləşən ağ köynəkli qardaş yazdıqlarımı oxumasın.

Bilirəm ki, oxusa, mümkün münaqişə qaçılmazdır. Lakin münaqişə nə ona lazımdır, nə də mənə. Çünki, vəziyyətin bu yerdə olmasının səbəbkarı nə azarkeşlərdir, nə də jurnalistlər.

Vay o dəqiqəyə ki, kimsə təcili ayaqyoluna getmək məcburiyyətində qala.

Ya ətrafında əyləşən həmkarlarının hamısını bir-bir ayağa qaldırıb arxanı önlərinə sürtə-sürtə çıxmalısan, ya da üst sıraya qalxıb azarkeşlərin ayağını tapdayaraq, şalvarlarının balağını toza bulayaraq ayaqyoluna yetişməlisən.

Stadionun internetinin logini də var, parolu da. Amma internetdən istifadə etmək mümkün deyil. Çünki, internet yoxdur. Daha doğrusu, şəbəkə işləmir.

“Turan Tovuz”un növbəti ev oyunlarında necə olacaq, bilmirəm.

Media sektorunu həmin yerdə quraşdırmaq tapşırığını verən kim(lər)dirsə, yaxşı olar ki, gələn dəfə gəlsin, oyunu bir yerdə izləyək. Həm də işləyək.

HƏBİB, Tovuz

Digər Xəbərlər
Xəbər Lenti