Orta sıraların birini tutmaq - bir, Premyer Liqada qalmaq - iki.
«Turan Tovuz»un baş məşqçisi Ayxan Abbasov builki hədəflərini bu cür açıqlayıb.
Deyib ki, birinci liqaya düşsələr, klub olmaq yönündə görülən bütün işlər yarımçıq qalacaq.
O, iz azdırmır. Hər halda mən belə düşünürəm. Abbasov özünü də sığortalamır.
Sadəcə, klubu qoruyur. Gözlənilən təhlükə və təhdidlərdən.
Futbolçularını da həmçinin.
Abbasov Tovuzda işləməsinin fərqindədir. Rayonun camaatını, azarkeşini yaxşı tanıyır. «Turan»a münasibətlərindən halidir.
Başa düşür ki, üç tura iki qələbə yerli publikanı havaya soxacaq. İştah diş altındadır axı.
Güc gələcəklər və bu, komandaya psixoloji təzyiqə çevriləcək. Bunun altından qalxmaq var e!
Abbasov deyir ki, mövsüm yeni başlayıb, iki qələbə hələ heç nə demək deyil, marafon uzundur, önümüzdəki həftələrdə çox sular axacaq, gəlin, tələsməyək.
Ağıllı məşqçi səs-küy salmaz, sakitliyi qoruyar. Bu, çempionatın əvvəli üçün xüsusən önəmlidir.
İlk üç həftəyə 6 xal əla nəticədir, lakin «Turan»ın iddialı olacağı, medallara göz dikəcəyi demək deyil hələ.
Yaydır indi, çempionatın isə payızı, qışı, yazı var hələ.
MUSA

