Başını bəlaya saldı: “İstəyim baş tutmadı”

16 Avqust 2023 23:00 Turan 1 003
Başını bəlaya saldı: “İstəyim baş tutmadı”

“Belə olacağını gözləmirdim.

Bu cür təsəvvür etsəydim, “Turan Tovuz”dan ayrılmazdım”.

Ötən il bölgə təmsilçisinin aparıcı futbolçularından olmuş Natan Oduva Sportinfo.az-a açıqlamasında hazırda üzləşdiyi durumla bağlı danışıb.

2022-23 mövsümündə Tovuz təmsilçisinin heyətində meydana çıxdığı 32 matçda 6 qol vurub, bir o qədər də qol ötürməsi edən ingiltərəli futbolçu çempionat başa çatandan sonra karyerasında yeni səhifə açmaq qərarına gəldi.

Uzun müddət gözdən itəndən sonra “Araz-Naxçıvan”da peyda oldu. Lakin Premyer Liqaya vəsiqə qazanan klubla da anlaşması alınmadı.

Oduva bu duruma düşməsinin günahını özündə görür:

“Heç kimi günahlandıra bilmərəm. Çünki, öz qərarım idi. “Turan Tovuz”da yaxşı mövsüm keçirmişdim və yaxşı forma yığmışdım.

Açığı, avrokuboklarda oynamaq istəyirdim. Düşünürdüm ki, avrokuboklara vəsiqə qazanan klublardan biri ilə anlaşaram. Lakin istəyim baş tutmadı və sonda belə bir vəziyyət yarandı.

Bundan sonra nə olacağını deyə bilmərəm. Yəqin ki, işlər yoluna düşər”.

27 yaşlı futbolçu 2022-ci ilin yanvarından 2023-cü ilin mayına qədər Azərbaycan Premyer Liqasında top qovub. “Şamaxı”da meydana çıxdığı 11 oyunda qol və qol ötürməsi ilə yadda qalmasa da, “Turan Tovuz”da 32 görüşdə 6 qol vurub, bir o qədər də assist edib.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti