Deyəsən, "Turan Tovuz"un mövsümə darmadağınla başlaması komandanın bəzi fanatlarının iştahın əməlli-başlı qaldırıb.
"Qarabağ"a məğlubiyyətdən sonra çox sayda fanatın klubun rəsmi hesablarına yazdıqları rəylər belə düşünməyə əsas verir.
Bəli, qərb təmsilçisinin startda 3:0 udduğu "Araz Naxçıvan" debütant olsa da heyəti, büdcəsi, iddiası tam fərqlidir. Muxtar Respublika təmsilçisinin ikinci turda "Qəbələ"ni məğlub etməsi də (2:0) bu reallığın əyani təcəssümüdür.
Belə rəqib üzərində inamlı qələbə alqışa layiqdir. Təbii olaraq istəkləri də artırır. Amma bu, son çempionu udacaq qədər də olmamalıdır axı.
O anlama gəlməli deyil ki, "Turan" bütün oyunlarda qələbə qazancaq.
Bu, futbolçuların üzərində əlavə təzyiq yaradır.
Mövsüm cəmi 2 turdu başlayıb. Qarşıda uzun marafon var. İndidən belə reaksiya xoş olmayan gedişata yol aça bilər. Qələbələr olduğu kimi, məğlubiyyətlər də qaçılmazdır. Xüsusi ilə də "Qarabağ" kimi rəqiblə oyunda.
Bunun hələ qarşıda gözlənilməz, şok məğlubiyyətləri də olacaq/olmalıdır.
"Qarabağ"ın "Zirə"yə, "Neftçi"nin "Kəpəz"ə uduzması, "Səbail"in evdə "Sumqayıt"a darmadağın olması və.s kimi.
Tərəfdarlar da buna hazır olmalıdır.
İndidən "Amandı "Turan" uduzdu" - demək isə çox tezdir.
XANOĞLAN İMANOV

