Premyer Liqanın yeni mövsümünün bir neçə autsayderi olacaq.
“Kəpəz”, “Səbail”, “Araz-Naxçıvan”....
Çempionatda qalmaq uğrunda mübarizə gərgin keçəcək.
“Turan Tovuz”u aşağı yerlərdə görməyəcəyik. Ayxan Abbasov klubun imkanları daxilində yaxşı legionerlər tapıb.
Martin Petkov onlardan biridir. Bolqarıstanlı hücumçu debüt matçında dubla imza atdı.
Bu gənc qollarının davamını gətirəcək. Runi Evanın yerini tutacaq.
Azərbaycanı Bolqarıstana (CSK-1948) dəyişən Runinin yoxluğunu unutdurmaq üçün onun hər şeyi var – güc, qol hissiyatı, mövqe seçimi...
Bu üçü bir arada bəs edir ki, Premyer Liqanın iddialı klubları yarım ildən sonra Petkovun elçi daşının üzərində əyləşsin.
Aydin Bayramov bir az bəxtsiz qapıçıdır, ancaq Sertan Taşkın davamlı şans qazansa, “Turan Tovuz”un əlinə çox su tökəcək.
Otto Conun maraqlı tipi var. Nə edəcəyini öncədən bildirməyən hücumçudur. Hələ formada deyil, ağır görünür.
Ayxan Abbasovun əlinin altındadırsa, özünü və oyununu qaydasına salacaq.
MUSA

