İcraçı direktor: “PFL niyə belə bir qərar verir, onu bilmirəm”

31 İyul 2023 10:40 Turan 1 670
İcraçı direktor: “PFL niyə belə bir qərar verir, onu bilmirəm”

Bu gün Peşəkar Futbol Liqasının nümayəndələri Tovuza səfər edəcək.

Məqsəd stadionun təftişi, yeni mövsümə hazır olub-olmamasına qərar verməkdir.

Premyer Liqada 2023/2024 sezonuna avqustun 4-də start veriləcək.

Açılış həftəsinin ilk matçında “Turan Tovuz”la yenidən elitaya qayıdan “Araz Naxçıvan” üz-üzə gələcək - saat 17:00-da.

Problem ondadır ki, ötən ay başladılan təmir-tikinti prosesi, nəzərdə tutulduğunun əksinə olaraq, yeni mövsümün startınadək bitməyəcək.

«Turan» rəhbərliyi ev sahibliyinin dəyişdirilməsi təklifi ilə “Araz Naxçıvan”a müraciət edib.

Muxtar Respublika təmsilçisi bununla razılaşıb, amma PFL Tovuz komandasının «Dalğa Arena»da nominal ev sahibi olmasını istəyib

Təşkilatçı qurum «Araz»ın meydan yiyəsi sayılmasına qarşı çıxıb, «Turan Tovuz»a ən pis halda başqa stadion tapmağı məsləhət görüb.

Premyer Liqada ikinci mövsümünü keçirəcək əyalət klubu bu variantı məqbul hesab etməyib.

Doğma azarkeşlərindən uzaq düşmək istəməyən «Turan»ın icraçı direktoru Nadir Nəbiyev son vəziyyət barədə Sportinfo.az-a bunları söyləyib:

“Stadionda iş dayanmayıb. Sadəcə olaraq, əsas diqqəti meydançanın ətrafında olan dagıntı-söküntü işinə yönəltmişik ki, ilk oyunumuzu dogma azarkeşlər önündə keçirək.

Ona görə də ola bilər ki, bəzi işlərimizin yekunlaşmasında gecikmələr olsun. Projektorların quraşdırılmasında gecikmə olacaq.

Biz planlaşdırmışdıq ki, stadionu “Səbail”lə qarşılaşmaya kimi tam hazır vəziyyətə gətirək. Yəqin ki, işlər həmin vaxtadək qurtarmayacaq.

İndiyə kimi qonaq komanda üçün nəzərdə tutulan “skyboxs” tam təmir olunub. Əlavə olaraq digər işlər də görülür.

Hər halda bu gün veriləcək qərardan sonra biləcəyik ki, oyunumuz Tovuzda olacaq, ya yox. Hər iki klub razı idi ki, bu qarşılaşmanın ev sahibi dəyişsin.

Sadəcə, PFL niyə belə bir qərar verir, onu bilmirəm. Ancaq biz istənilən halda bütün fikrimizi ilk oyunu Tovuzda keçirməyə kökləmişik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti