Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümüna avqustun 4-də start veriləcək.
Açılış həftəsinin ilk matçında “Turan Tovuz”la yenidən elitaya qayıdan “Araz Naxçıvan” üz-üzə gələcək - saat 17:00-da.
Peşəkar Futbol Liqası aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz stadionuna yekun baxış keçirəcək.
Burada aparılan yenidənqurma işləri qeyri-müəyyən müddətə yarımçıq dayandırılıb. Buna səbəb Peşəkar Futbol Liqasının (PFL) mövqeyidir.
Problem ondadır ki, ötən ay başladılan təmir-tikinti prosesi, nəzərdə tutulduğunun əksinə olaraq, yeni mövsümün startınadək bitməyəcək.
«Turan» rəhbərliyi ev sahibliyinin dəyişdirilməsi təklifi ilə “Araz Naxçıvan”a müraciət edib.
Muxtar Respublika təmsilçisi bununla razılaşıb, amma PFL Tovuz komandasının «Dalğa Arena»da nominal ev sahibi olmasını istəyib
Təşkilatçı qurum «Araz»ın meydan yiyəsi sayılmasına qarşı çıxıb, «Turan Tovuz»a ən pis halda başqa stadion tapmağı məsləhət görüb.
Premyer Liqada ikinci mövsümünü keçirəcək əyalət klubu bu variantı məqbul hesab etməyib.
Doğma azarkeşlərindən uzaq düşmək istəməyən «Turan» məcburiyyət qarşısında qalaraq, stadionda apardığı tikintiyə ara verib.
Təqdim etdiyimiz bu fotolar arenadakı son vəziyyəti göstərir. İşlər dayandırılsa belə, bir neçə gün lazım gələcək ki, ətrafı tikinti tullantılarından təmizləmək mümkün olsun.
SPORTİNFO.AZ

