Tovuz şəhər stadionunda aparılan yenidənqurma işləri qeyri-müəyyən müddətə yarımçıq dayandırılıb.
Buna səbəb Peşəkar Futbol Liqasının (PFL) mövqeyidir.
Problem ondadır ki, ötən ay başladılan təmir-tikinti prosesi, nəzərdə tutulduğunun əksinə olaraq, yeni mövsümün startınadək bitməyəcək.
Premyer Liqada növbəti «futbol ili»nin açılış həftəsi avqustun 4-6-sı aralığında təşkil olunacaq. Təqvimə əsasən, qərb klubu «Araz Naxçıvan»la ilk matçını doğma məkanda keçirməlidir.
«Turan» rəhbərliyi ev sahibliyinin dəyişdirilməsi təklifi ilə qarşı tərəfə müraciət edib.
Muxtar Respublika təmsilçisi bununla razılaşıb, amma PFL Tovuz komandasının «Dalğa Arena»da nominal ev sahibi olmasını istəyib
. Təşkilatçı qurum «Araz»ın meydan yiyəsi sayılmasına qarşı çıxıb, «Turan Tovuz»a ən pis halda başqa stadion tapmağı məsləhət görüb.
Premyer Liqada ikinci mövsümünü keçirəcək əyalət klubu bu variantı məqbul hesab etməyib.
Doğma azarkeşlərindən uzaq düşmək istəməyən «Turan» məcburiyyət qarşısında qalaraq, stadionda apardığı tikintiyə ara verib. Bu isə o deməkdir ki, «Araz» ilk turda Tovuza səfər etməli olacaq.
SPORTİNFO.AZ

