Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Turan Tovuz” mövsümə yeniliklərlə başlamaq niyyətindədir.
Bir sıra futboçu ilə heyətini gücləndirən və iddiasını biraz da artıran əyalət təmsilçisi stadionda da geniş yenidənqurma işlərinə start verib.
Klub uzun müddətli inkişaf planına uyğun olaraq akademiyanın əhatəsini genişləndirməklə yanaşı infrastrukturu da ideal vəziyətə gətirmək üçün çalışır.
Klubun icraçı direktoru Nadir Nəbiyev Sportinfo.az-a müsahibəsində stadionda gedən işlərlə bağlı məlumat verdi.
Klub funksioneri oncə görülən və görüləcək işlər haqda fikirlərini bölüşdü:
- Bildiyiniz kimi, “Huner Group”un klubumuza baş sponsor olmasından sonra bir çox sahədə inkişafa nail ola bilmişik. Əsas məqsəd bütün sahələrdə inkişaf etmək, peşəkar klub formalaşdırmaqdır. Tək əsas komanda deyil, akademiya, infrastruktur, peşəkar kadrların cəlb olunması kimi sahələrdə işlərə başlamışıq. İlk iş olaraq çatışmazlıqlar aradan qaldırılmağa başlandı. Elektron tablonun və qarşı tribunada 3 qüllədən ibarət çəkiliş platformasının quraşdırılması canlı yayımın daha keyfiyətli olmasına zəmin yaratdı. Mövsümün bitməsi ilə akademiyanın həm əhatəsini həm də infrastrukturunu genişləndirməyə başladıq. Seçimlər həyata keçirildi. Artıq yeni inşa olunan bina ilə birlikdə buraya cəlb olunacaq istedadlı uşaqların da sayında artım olacaq. “Turan Tovuz” Futbol Akademiyasının ixtiyarına veriləcək iki mərtəbəli binada hər cür şəraitlə təmin olunan yataq otaqları, akademiya məşqçiləri üçün iş və nəzəri məşğələ otaqları, konfrans və fitnes zalları, tibb və digər zəruri otaqlar yer alacaq. İş sürətlə davam edir. - Futbol ictimaiyyətini maraqlandıran əsas məqamlardan biri Tovuz şəhər stadionunda projektorların quraşdırılmasıdı. Bu yöndə hansı işlər görülür? - AFFA Lisenziyalaşdırma Qrupunun və Peşəkar Futbol Liqasının tələbinə uyğun olaraq stadion ərazisində beynəlxalq standartlara cavab verən projektorların quraşdırılması işinə başlanılıb. Artıq dirəklərin təhlükəsiz şəkildə yerləşdirilməsi üçün bərkitmə işləri başa çatıb. Növbəti mərhələdə dirəklər və ölkə xaricindən gətirilən müasir standartlara cavab verən işıqlar quraşdırılacaq. Bununla yanaşı elektrik enerjisinin tam güclə təmin olunması üçün genrator və tənzimləyici qurğunun gücünün artırılması işləri də həyata keçirilir. Təəssüf ki, bütün gücümüzü səfərbər etsək də bizdən asılı olmayan səbəblərdən projektorların mövsümün əvvəlinə çatması mümkün olmayacaq. Bu səbəbdən ən azı ilk turu səfərdə oynamaq məcburiyətindəyik. Bildiyiniz kimi püşkün nəticəsinə əsasən Premyer Liqanın birinci turunda “Araz Naxçıvan”ı qəbul etməliyik. Bunu nəzərə alıb birinci dövrədəki “Turan Tovuz” – “Araz Naxçıvan” oyununun “Araz Naxçıvan”-“Turan Tovuz” oyunu kimi dəyişdirilməsi üçün Naxçıvan klubundan razılıq vermələrini xahiş etmişik. Sağ olsunlar tərəddüd etmədən razılıq verdilər. Ümid edirik ki, Peşəkar Futbol Liqası da buna uyğun qərar verəcək.
- Azarkeşlər üçün hansı yeniliklər nəzərdə tutulub?
- Bildiyiniz kimi, bəzən oyunlar məcburiyətdən həftə içinə düşür. Klubumuzun azarkeş potensialını nəzərə alsaq bizim üçün çətinliklər yaradır. Projektorlar hazır olduqdan sonra oyunlar axşam saatlarında keçiriləcək ki, bu da tribunaların daha çox dolmasına, komandamızın daha çox azarkeş dəstəyi altında oynamasına şərait yaradacaq. Demək olar ki, azarkeşlərimizin ən çox ünvanladığı sual “fan-şop”la bağlı olurdu. Artıq stadion ərazisində fan-şop və kafeteriyanın inşasına da başlamışıq. Qısa müddət ərzində azarkeşlərimiz klubumuzun artibutlarını öz fan-şopumuzdan əldə edə biləcəklər.
- Bəzən qonaq komandalar Tovuz şəhər stadionundakı qonaq komandalar üçün nəzərdə tutulan “skayboks”un kiçik olmasından, oyunu izləmək üçün şəraitsiz olduğundan nazarılıq edirdilər. Bu çatışmaqlığı aradan qaldırmağı nəzərdə tutmusuzmu?
- Qonaq komanda üçün nəzərdə tutulan skayboksun ərazisi kiçik idi. Pəncərələr bütöv olmadığından və qarşıda azarkeşlər əyləşdiyindən oyunu izləmək çətin idi. Bu çatışmazlığı aradan qaldırmaq üçün ərazisini böyüdülməklə yanaşı qarşısında VİP sektor da inşa olunur. Bundan sonra gələn qonaqlar rahat şəkildə həm “skayboks” daxilində, həm də, VİP-lojada oyunları rahat şəkildə izləyə biləcəklər.

