Abbasovun ikinci dəfə həyat verdiyi “Sportinq”li ilə bağlı 51 aylıq sualın cavabı

11 İyul 2023 20:40 Turan 2 598
Abbasovun ikinci dəfə həyat verdiyi “Sportinq”li ilə bağlı 51 aylıq sualın cavabı

“Turan Tovuz” mövsümlərarası fasilə dönəmində növbəti transferini reallaşdırdı.

Bölgə təmsilçisi Tovuz futbolunun yetirməsi olan Budaq Nəsirovla 3 illik anlaşma əldə etdi.

Vaxtilə ölkəmizin ən istedadlı dayaq yarımmüdafiəçilərindən hesab olunan və elə bunun sayəsində “Sportinq” rəsmilərinin diqqətini çəkərək Portuqaliya təmsilçisinin B komandasında Merih Demiralla komanda yoldaşı olan Nəsirov xeyli vaxtdır futboldan uzaq düşmüşdü.

Bir ara Portuqaliyada ofisiantlıq etdiyi deyildi, çox keçmədən Türkiyədə ticarətlə məşğul olmasına dair xəbərlər dolaşdı.

Futboldan uzaq düşən, Premyer Liqa klublarının yaxın durmadığı futbolçunu Ayxan Abbasov futbola qaytardı.

Hələ ötən mövsümün gedişində əvəzedici komandada məşq etməsinə şərait yaratdı, yayda son durumuna baxıb qiymət verdi və müqavilə bağlanmasına qərar verdi.

Abbasov “ölmüş” Budağa ikinci həyatı bəxş etdi.

İndi tovuzlu futbolsevərlərin əksəriyyətini maraqlandıran sual səbəbkarın neçə ildir futboldan uzaq düşməsidir. Başqa cür desək, sonuncu dəfə rəsmi oyuna nə vaxt çıxması.

Budaq Premyer Liqada 15 yaş 4 aylığında “Turan”da debüt edib. Sonradan “Araz Naxçıvan”da oynayıb, “Sumqayıt”da özünü göstərməyə çalışıb, “Kəpəz”də yaşadığı parlaq karyeradan sonra Portuqaliyaya yollanıb.

2 illik “Sportinq” karyerasından sonra yenidən Azərbaycana qayıdıb. Təklifləri çox olsa da, onların arasından “Zirə”ni seçib və 2018-19 mövsümündə “qartallar”ın uğurları üçün tər töküb.

Bu ayın 15-də 27 yaşı tamam olacaq futbolçu həmin futbol ilində zirəlilərin heyətində 12 oyunda 642 dəqiqə şans qazanıb. Premyer Liqada sonuncu dəfə meydana çıxdığı qarşılaşma isə 2019-cu ilin aprelin 19-da “Qəbələ” ilə səfər görüşündə olub ki, bu matçda 90 dəqiqə mübarizə aparıb.

Yəni, Budaq Nəsirov 4 il 3 aydır, başqa cür desək, 51 aydır yaşıl meydanlardan uzaq qalmışdı.

Keçmişdə yaşananları unudub, sırf futbola köklənsə, bacarığı ilə “Turan Tovuz”a fayda verəcəyinə şübhə yoxdur.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti