Dünən bütün tovuzlu futbol fanatları “Turan”ın yeni transferini böyük coşğu ilə qarşıladılar.
Söhbət bir vaxtlar futbolumuzun gələcəyi hesab olunan Budaq Nəsirovdan gedir.
“Sumqayıt”, “Kəpəz” və “Zirə”də oynamış yarımmüdafiəçi Portuqaliyanın məşhur “Sportinq” klubuna kimi yüksəlməyi bacarmışdı.
Amma nə baş verdi, nələr yaşandı ki, Nəsirov bir anda futboldan silindi. Heç kimə lazım olmadı.
Və günlərin birində komandanın baş məşqçisi Ayxan Abbasov tovuzlu futbolçuya bəlkə də həyatının jestini etdi.
O, “Turan”ın qapıların iki ildi futboldan tam olaraq uzaq düşən bir azərbaycanlı balasının üzünə açdı.
Həm də uzunmüddətli – 3 ili əhatə edən müqavilə şərtləri ilə.
Yəqin ki, heç olmasa bundan sonra “Turan”da tovuzlular niyə oynamır” – deyə imdada diləyən, əslində isə məqsədi, məramı suları bulandırmaq olanlar abır-həya edib susarlar.
Təcrübəli mütəxəssisin bu qərarı bir daha onu göstərmiş oldu ki, niyyətimiz safdır, qapımızı isə bütün azərbaycanlı balalarının üzünə hər zaman açıq.
Hətta futboldan silinən, heç kimin yadına düşməyən Nəsirov belə.
İndi qalır 26 yaşlı yarımmüdafiəçinin bu cür fürsətdən maksimum dəyərləndirməsi. Elə yerli fanatlar da qərar açıqlanandan sonra oxşar düşüncədədirlər.
Klubun sosial şəbəkə hesablarına gələn çoxsaylı şərhlər də Abbasova təşəkkürlə başlayıb, Budaqın gözəl şansı dəyərləndirmək arzusu ilə bitir:
“Ayxan hocanın bu jesti çox böyük jestdi. Ümid edirəm Budaq dəyərləndirər və istedadını ölməyə qoymaz. Yaşı çox deyil, futbolçu üçün ən yaxşı yaşları isə qabaqdadır”.
“Xeyirli olsun. İnşallah əvvəlki səhvlərini təkrarlamaz. Uğurlar”.
“Budaq “Sportinq”dəki çıxışında sonra itib batmışdı. Sağ olsun Ayxan Abbasov ona yenidən şans tanıdı”.
“Xeyrli, uğurlu olsun. Sağ olsun Ayxan Abbasov Budaq Nəsirovun yenidən özünü göstərməsi üçün şərait yaratdı”.
“Uğurlar, Budaq. Nəsirovu futbola yenidən qaytaranlara təşəkkür edirəm”.
“Çox gözəl xəbərdir. Əla! Ayxan müəllimə öz təşəkkürümü bildirirəm”.
XANOĞLAN / SPORTİNFO.AZ

