“Turan Tovuz” Natan Oduvanın xidmətində maraqlı deyil.
Bölgə təmsilçisi ingiltərəli hücumçu ilə başa çatan müqaviləni yeniləməməyi çoxdan qərara alıb.
Ehtimal olunurdu ki, Natanın qərb təmsilçisinin heyətində sərgilədiyi oyun Premyer Liqanın digər iştirakçılarının diqqətini çəkib və o, növbəti mövsümə başqa komandanın heyətində başlayacaq.
Hətta siyahıda “Neftçi”nin də adı var idi.
İstirahət müddəti başa çatır və artıq elitanın bütün iştirakçıları toplanışa başlamağa hazırlaşır. Oduva isə hələ də kənarda qalıb, Azərbaycanda hansısa klubla anlaşacağı haqda bilgi yoxdur.
27 yaşlı yarımmüdafiəçi saytımıza açıqlamasında ölkəmizdən heç bir klubun onunla maraqlanmadığını bildirərək, təəccübünü gizlətməyib:
“İngiltərədəyəm, tətil günlərim davam edir. Belə baxıram ki, başqa ölkədə klub axtarmalı olacağam.
Açığı, təəccüb içindəyəm. Azərbaycan klublarından mənə maraq yoxdur. Səbəbini özüm də bilmirəm.
Bu günə qədər heç bir klubla danışmamışam. Bəlkə agent mənim üçün danışıq aparmağa çalışıb, amma mənim heç bir klubla danışığım olmayıb.
Eybi yox, həyat davam edir. Azərbaycanda keçirdiyim ilyarım mənim üçün çox yaxşı təcrübə oldu”.
Natan Oduva başa çatan mövsümdə “Turan Tovuz”un formasında meydana çıxdığı 32 matçda 6 qol və 6 assistlə yadda qalıb.
HƏBİB / SPORTİNFO.AZ

