Bu rayonda heç kim onları gözdən qoymur: “Dayanmırsız, maşallah... Dəhşətdir!”

23 İyun 2023 20:00 Turan 909
Bu rayonda heç kim onları gözdən qoymur: “Dayanmırsız, maşallah... Dəhşətdir!”

Premyer Liqanı 6-cı pillədə başa vuran “Turan Tovuz”un növbəti mövsüm üçün hədəfləri yüksəkdir.

“Huner Group”un kluba sponsorluq etməsindən sonra iştahası xeyli artan bölgə təmsilçisi gələn il azarkeşlərini sevindirmək istəyir.

Məqsəd keyfiyyətli futbolçulardan qurulmuş komanda yaratmaq, mümkün qədər yuxarı pillələr uğrunda mübarizə aparmaqdır. Təbii ki, avrokuboklara vəsiqə arzusu da var.

Qərblilərin heyəti gücləndirmək yönündə ciddi addımlar atması da buna sübutdur. Fərid Nəbiyevlə Aydın Bayramovu rənglərinə bağlayan “Turan”, Sərtan Taşkınla da sözləşmə imzaladı.

Heyətin genişlənməsi, başqa cür desək, yenilənməsi Tovuzda bayram ab-havası yaradıb.

Azarkeşlərin sosial şəbəkə platformalarında yazdığı şərhlərdən bunu görmək çətin deyil. Futbol sevdalıları artıq indidən növbəti mövsümün başlamasını səbrsizliklə gözləyir:

“Halal olsun! Gördüyünüz işlər sübut edir ki, şəffaf mühitdəsiz”.

“Maşallah, transferləri sıraya düzmüsüz”.

“Dəhşətdir. Transferlər bitmir. Bax, bu əsl “Turan”dır”.

“Fərid, Aydın, indi də Sərtan. Ağıllı seçimlərdir. Bir stopper, bir də hücumçu alınsa, ürəyimiz yerinə gələcək”.

“Növbəti mövsüm Premyer Liqa daha maraqlı olacaq tovuzlular üçün. Təbii ot örtüyünə də qovuşsaq, super”.

“Yerli transferlərin hamısı yaxşıdır. Digər mövqelərə iki legioner də gətirsək, gələn il Avropadayıq”.

“Bu nədir? Dayanmırsız e, maşallah”.

“Gözəl və möhtəşəm xəbərlər davam edir. Əhsən, “Turan!”

Ötən ilki heyəti qoruyaraq bir çox futbolçularla müqaviləni yeniləyən bölgə təmsilçisi, hələ ki, yalnız Henri Okebuqvu ilə rəsmən vidalaşıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti