Ötən mövsüm “Turan Tovuz”dakı məhsuldarlığı ilə diqqətləri üzərinə çəkən Runi Evanın bölgə təmsilçisindəki gələcəyi qeyri-müəyyəndir.
26 yaşlı kamerunlu legionerin qərb təmsilçisi ilə müqaviləsinin müddəti başa çatsa da, baş məşqçi Ayxan Abbasov onunla yeni sözləşmənin imzalanmasında maraqlıdır.
Lakin Runi qərar verməkdə tələsmir. Daha doğrusu, karyerasını “Turan Tovuz”da davam etdirməyə isti yanaşmır.
Buna səbəb Evanın əcnəbi agentlərin “çaldığı havaya oynamasıdır”.
Premyer Liqamızdakı məhsuldarlığı əldə əsas tutan menecerlər hücumçuya Tovuzdakından qat-qar artıq yaxşı maliyyə şərtləri altında Asiya ölkələrinin birində klub tapacağını bildirib.
Runi də tam təbii olaraq daha çox qazanmaq həvəsi ilə onlardan cavab gözləyir. “Turan Tovuz”a “hə” deməməsinin kökündə də şəxsi büdcəsini Asiyada zənginləşdirmək istəyi dayanır.
Runi Eva ötən mövsüm meydana çıxdığı 37 oyunda 17 qol, 6 assistlə yadda qalmaqla, karyerasının ən parlaq ilini keçirib.
HƏBİB / SPORTİNFO.AZ

