Cənubi Afrika Respublikası millisinin müdafiəçisi Siyanda Xulu "Turan-Tovuz"da keçirdiyi ilk mövsümü şərh edib.
Sportinfo.az xəbər verir ki, CAR mətbuatına danışan təcrübəli müdafiəçi Azərbaycan Premyer Liqasındakı rəqabətdən söz açıb.
Bununla yanaşı, "Turan Tovuz"da qalıb-qalmayacağına aydınlıq gətirib:
"Növbəti mövsüm “Turan Tovuz”a qayıtsam, maraqlı olar. Çünki yerli liqa çox rəqabətlidir.
Bu mövsüm mənim üçün yaxşı keçdi və mən də oynadığım liqa sayəsində milli komanda ilə yaxşı çıxış edə bildim.
"Turan Tovuz"la sadəcə bir illik müqavilə imzalamışdım. Çünki İsraildən ayrıldıqdan sonra oynamaq istəyirdim.
Ötən ilin fevralında “Hapoel Tel-Əviv”lə müqaviləmə xitam verdiyim üçün iyul ayına kimi başqa komanda ilə müqavilə imzalamaq hüququna malik deyildim.
Bu da məni çox üzdü. “Turan Tovuz”a sadəcə oynamaq istədiyim üçün qoşuldum.
Amma təəccüblüdür ki, liqa çox yaxşı oldu və ona görə də Azərbaycanda qalmaq istəyərdim. Mən yenicə birinci diviziondan “elita”ya yüksəlmiş komandada oynayırdım.
Fikrimcə, pis alınmadı. “Turan Tovuz”la müqaviləm başa çatır, klubla əlaqədəyik.
Azərbaycanda futboldan həzz alırdım və əminəm ki, mənim çıxışlarımı izləməyə çalışan hər kəs də bununla razılaşacaq.
Biz yeni komanda idik və altıncı yeri tutduq, mövsümün ikinci yarısında yaxşı çıxış edən azsaylı oyunçulardan biri oldum. Bu, milli komandadakı çıxışıma da müsbət təsir etdi".

