Ölkə kubokunun final matçında diqqətçəkən məqamlardan biri də bannerlərdəki adlardan biri idi.
Premyer Liqa iştirakçısı “Turan Tovuz”un baş sponsoru olan “Huner Group”un reklam lövhəsi meydanın kənarında yerləşdirilmişdi.
Əslində, təəccüblü bir şey yoxdur. İstənilən şirkət bu cür məsul oyunlarda reklam olunmasını istəyir.
Sadəcə, bunun “Huner Group”un istəyi olması, yoxsa yarışı təşkil edən və keçirən Peşəkar Futbol Liqasının ölkə futboluna yeni qədəm qoymuş şirkətə pulsuz jest etməsi sual doğururdu.
PFL-in mətbuat katibi Sənan Abdullayev Sportinfo.az-a açıqlamasında məlum mövzuya aydınlıq gətirib:
"Kubokun finalında "Bakcell Arena"da reklam imkanları daxil olmaqla bütün hüquqlar Peşəkar Futbol Liqasına məxsus idi.
Meydanın kənarına vurulan bannerlər müxtəlif şirkətlərə təklif olunan reklam xidmətlərindən biri idi.
Bu təklifdə maraqlı olan şirkətlərdən biri də "Huner Group" oldu. Bu arada fürsətdən istifadə edərək onlara da təşəkkürümüzü bildiririk".
Göründüyü kimi, bölgə təmsilçisinin sponsoru nəinki “Turan Tovuz”a maliyyə ayırmaq öhdəliyini üzərinə götürüb, şirkət həmçinin hər imkanda ölkə futbolunun yanında olmağa çalışır.
İyunun 3-də “Neftçi”ylə “Qəbələ” arasında baş tutan final oyununda bölgə təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
HƏBİB

