“Turan Tovuz”un ölkə kubokunda yarımfinala yüksəlib, Premyer Liqanı 6-cı pillədə başa vurmasında Natan Oduvanın rolu az olmadı.
Ötən mövsüm “Şamaxı”nın sıralarında olan, lakin legioner adını sübut edə bilməyən 27 yaşlı ingiltərəli hücumçu bölgə təmsilçisində ümidləri doğrultdu.
Natanın “Turan Tovuz”la müqaviləsinin müddəti başa çatıb. Ucaboy vingerin karyerasını hansı komandada davam etdirəcəyi məlum deyil.
Deyilənə görə, Tovuzda qalmaq istəmir, Bakı klublarının birində oynamaq həvəsindədir.
Oduva Sportinfo.az-a açıqlamasında hazırkı durumu və gələcək planları haqda danışıb:
“İngiltərədəyəm, ailəmin yanında istirahət edirəm. Yanvardan bu yana ailə üzvlərimi, doğmalarımı görmürdüm.
Ona görə də fasilədən maksimum yararlanmağa çalışıram. Dincəlirəm, vaxtımı yaxınlarımla keçirirəm.Gələcəyimlə bağlı yenilik yoxdur.
Bildiyiniz kimi, “Turan Tovuz”la müqaviləmin müddəti başa çatıb. Və bu günə qədər heç bir klubdan rəsmi təklif almamışam.
Nə Azərbaycandan, nə də digər ölkələrdən. Kağız üzərində rəsmi təklif olmayandan sonra gələcəklə bağlı qərar vermək mümkün deyil.
Təklif olsun, baxıb, dəyərləndirib, qiymət verərəm. Dediyim kimi, bu dəqiqə bütün diqqətimi istirahətə ayırmışam”.
Natan Oduva başa çatan mövsümdə “Turan Tovuz”un heyətində meydana çıxdığı 32 oyunda 6 qol vurub, 6 məhsuldar ötürmə verib.
HƏBİB

