“Neftçi”yə məxsus futbolçu burada qalır, yoxsa gedir?

22 May 2023 16:40 Turan 828
“Neftçi”yə məxsus futbolçu burada qalır, yoxsa gedir?

Mövsümün sürpriz komandası “Turan Tovuz”ın rəhbərliyini və məşqçilər heyətini düşündürən əsas məqsəd kollektivin gələn mövsüm üçün planlarıdır.

Yayda aparıcı oyunçuların demək olar hamısı ilə müqavilənin müddəti başa çatacaq. Bəzi futbolçularla yeni anlaşma əldə olunsa da, əksəriyyətin gözləri yolda, qulaqları səsdədir.

Onlardan biri də “Neftçi”dən icarəyə götürüən Xəyal Nəcəfovdur. “Ağ-qaralar”la sözləşməsinin müddəti 2024-cü ilin yayına qədər olan yarımmüdafiəçi karyerasını hansı klubda davam etdirəcəyi haqda qərar verməlidir.

“Neftçi”yə qayıtmaq istəsə, paytaxt təmsilçisinin rəhbərliyi müqavilə öhdəliklərini yerinə yetirmək məcburiyyətində qalacaq. Yox, “Turan Tovuz”da qalmaq həvəsinə düşsə, o zaman klublar məsələni öz aralarında həll etməli olacaq.

Xəyal Sportinfo.az-a açıqlamasında məlum mövzu ilə bağlı danışıb:

“Qeyd etdiyiniz kimi, “Neftçi”ylə müqaviləmin başa çatmasına 1 il var. İndiki məqamda tək söz sahibi mən deyiləm. “Neftçi” rəhbərliyinin fikri də önəmlidir.

Bu dəqiqə bütün diqqətimi “Turan Tovuz”un qarşıdakı iki oyununa yönəltmişəm. Çempionat başa çatandan sonra oturub danışacağıq, görək nə olur.

“Neftçi” rəhbərliyi seçimi öhdəmə buraxsa, nə edəcəm? İndi bu haqda heç nə deyə bilmərəm. Mövsüm qurtarsın, bu barədə danışarıq”.

Xəyal Nəcəfov cari Premyer Liqa mövsümündə 33 oyunda meydanda olmaqla 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

HƏBİB

Xəbər Lenti