Azərbaycan klubu ilə müqavilə bağlamaq üçün üç əsas şərti dedi

18 May 2023 16:40 Turan 2 888
Azərbaycan klubu ilə müqavilə bağlamaq üçün üç əsas şərti dedi

“İndidən bu barədə nəsə demək çətindir.

Çempionat başa çatsın, danışaq, görək nə olur”.

“Turan Tovuz”un müdafiəçisi Xulu Siyanda Sportinfo.az-a açıqlamasında bölgə təmsilçisindəki gələcəyindən söz açıb.

Ötən yay qərblilərlə 1 illik müqavilə bağlayan CAR-lı futbolçunun anlaşması cari mövsümün sonunda başa çatır.

Komandasının əsas simalarından olan afrikalı arxa xətt oyunçusu baş məşqçinin güvəndiyi adlardandır.

Xulunun karyerasını “Turan Tovuz”da davam etdirməsi üçün klub rəhbərliyi futbolçunun yeni şərtləri ilə razılaşmalıdır.

31 yaşlı müdafiəçi məsələ ilə bağlı bunları deyib:

“Turan Tovuz”da oynamaq və komandanın bir parçası olmaq ürəyimcədir. Azarkeşlərimiz, Tovuzda bizə olan münasibət, çempionatın səviyyəsi, bir sözlə, hər şey məni qane edir.

Yeni müqavilə ilə bağlı danışmaq üçün üç vacib amil var. Mənim fikrim, baş məşqçinin qərarı və yeni anlaşma şərtləri.

Bunların hamısı bir-birinə bağlıdır. Hansısa birində uyğunsuzluq olsa, yəqin ki, alınmayacaq.

İlk söz təbii ki, mənimdir. Düşünüb, götür-qoy edib, fikrimi bildirməliyəm. Ümid edirəm ki, bu məsələdə ortaq dil tapacağıq və mən karyeramı “Turan Tovuz”da davam etdirəcəm”.

Xulu Siyanda cari mövsümdə “Turan Tovuz” formasında Azərbaycan çempionatında və ölkə kubokunda meydana çıxdığı 26 oyunda 1 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti