“Ürəyimə dammışdı ki…” - Azərbaycanda həftəyə damğa vuran əncəbi

16 May 2023 21:20 Turan 857
“Ürəyimə dammışdı ki…” - Azərbaycanda həftəyə damğa vuran əncəbi

“Turan Tovuz”un müdafiəçiləri son matçlarda komandanı çiyinlərində daşıyır.

Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv son 3 qarşılaşmada rəqib qapılarından 9 top keçirib ki, bu qolların əksəriyyəti standart vəziyyətdən vurulub.

Korner və cərimə zərbələri zamanı assistent rolunu cinah müdafiəçiləri oynadığı halda, qol vurmaq öhdəliyi mərkəz müdafiəçilərinin payına düşür.

Ötən həftəsonuna qədər Şəhriyar Əliyevlə Roderik Miller rəqib qapıçıları üçün arzuolunmaz simaya çevrilmişdisə, “Qəbələ”ylə qarşılaşmada iki mərkəz müdafiəçisi Sadiq Quliyevlə Xulu Siyandanın qolları qərb təmsilçisinə 3 xal qazandırdı.

Bu, hər iki futbolçunun cari mövsümdə vurduğu ilk qol kimi tarixə düşdü. Xulunun son saniyələrə təsadüf edən qələbə topunun həftəyə damğa vurduğunu deyə bilərik.

Siyanda Sportinfo.az-a verdiyi açıqlamada vurduğu qoldan söz açıb:

“Təcrübəli futbolçuyam və bura “Turan Tovuz”a kömək etmək üçün gəlmişəm. Kömək etmək təkcə müdafiədə etibarlı oynamaq demək deyil.

İmkan olduqca hücumda da effektli olmalı, qol vurmalıyam. Düzü, son oyunlarda standart vəziyyətlər zamanı fərqlənmək imkanlarım olsa da, alınmırdı.

Ürəyimə dammışdı ki, çempionat bitənə qədər mütləq qol vuracam. Artıq qol vurmağımın vaxtı yetişmişdi. Üstəlik, başla vurduğum top komandama 3 xal qazandırdı.

Gənclərə də başa salıram ki, heç vaxt tələsməyin, işiniz düz gətirməyəndə səbrsizlənməyin. Necə ki, qol vurmaq zamanımı gözlədim və həmin an yetişincə qol vurdum”.

Xulu Siyanda cari mövsümdə “Turan Tovuz” formasında Azərbaycan çempionatında və ölkə kubokunda meydana çıxdığı 26 oyunda 1 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti