Premyer Liqanın 33-cü turunda “Turan Tovuz”la “Neftçi” arasında baş tutan oyunda bəlkə də mövsümün sürpriz nəticəsi qeydə alındı.
Bölgə təmsilçisi Premyer Liqa tarixində ilk dəfə 4:0 hesabı ilə qalib gəldi ki, bu, “Neftçi” kimi əzəmətli rəqiblə matça təsadüf etdi.
Nəticənin qonaqlar üçün biabırçı olması zaman-zaman iki komandanın futbolçuları arasında insidentin yaranmasına səbəb olur, məşqçi və futbolçular arasında kiçik qarşıdurmalar yaşanırdı.
Və hər insident zamanı “ağ-qaralar”ın ehtiyatda qalan futbolçusu Azər Salahlı “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevə yaxınlaşaraq nəyisə başa salırdı. Və çox keçmədən hər ikisi razılıq əlaməti olaraq əl sıxıb ayrılırdılar.
Şəhriyar Sportinfo.az-a açıqlamasında ikili söhbətdən söz açıb:
“Azərlə münasibətimiz yaxşıdır. Onunla “Qarabağ”da, “Şamaxı”da və Azərbaycan millisində komanda yoldaşı olmuşuq.
Oyun ərzində futbolçular arasında bir neçə dəfə anlaşılmazlıq oldu ki, bu cür oyunda belə olması normaldır.
Həmin anlarda Azər mənə yaxınlaşaraq təcrübəli futbolçu kimi komanda yoldaşlarımı sakitləşdirməyi, qalmaqaldan uzaq olmağı xahiş edirdi.
Oyundan sonra yaxınlaşanda yaxşı oynadığımızı, bu cür davam etməli olduğumuzu söylədi.
Yəni sırf dostluq münasibətindən yaranan dialoqlar idi”.
Şəhriyar Əliyev “Turan Tovuz”un vitse-kapitanıdır. Azər Salahlı isə son dövrlər vaxtını əsasən ehtiyat oyunçular skamyasında keçirir.
HƏBİB

