Şir həmin şirdir…

14 May 2023 16:30 Turan 877
Şir həmin şirdir…

Son həftələrin komandası «Turan Tovuz»dur.

Qitəmiqyaslı yarışlara yollanacaq dördüncü təmsilçinin hələ də müəyyənləşməməsi debütantın çempionata qatqısıdır.

Doqquz ildən sonra Premfer Liqa səhnəsində görünən qərb klubu keçən tur «Zirə»ni səfərdə məğlub etdisə, dünən də Qəbələdən 3 xalla döndü.

«Turan Tovuz» ilkə imza atdı. Ardıcıl 3 tur qələbə qazanmaqla. Bununla bir güllə ilə iki quşu gözündən vurmuş oldular. Liqada yerlərini təmin etməklə bahəm, dördüncü pilə uğrunda rəqabəti qorudular.

Qəbələdə iki fərqli hissə oynanıldı. İlk 45 dəqiqədə darıxdıq. Fasilədən sonra yuxumuz qaçdı.

«Turan» standart vəziyyətdən hesabı açdı. Ardınca «Qəbələ» azlıqda qaldı.

Sonra Veysəl Rzayevdən bir kobud səhv və… hesab bərabərləşdi.

Say nisbətində qonaqlara uduzan «Qəbələ» 1:1-ə qane olmaq istəmədi, ortalığı ələ aldı, hücumları artırdı, iki dəfə dirəkdən döndü.

Bu dəqiqələrdə adama elə gəlirdi ki, meydanda 1 nəfər azlıqda qalan tərəf «Turan»dır. Sanki güclü yağış və Veysəlin xətası «Turan»ı göydən yerə çırpmışdı, bayılmışdılar.

«Qəbələ» oyunu Asif Məmmədovu itirdiyi anda uduzdu.

İlk hissədə Abu-Akal Ferasın yerinə meydana daxgil olmuş yarımmüdafiəçi zədələnincə, ev sahibləri qarşılaşmanı 9 nəfərlə bitirmək zorunda qaldı. Əvəzetmə limitini doldurduqları üçün.

«Turan» bu imkanı dəyərləndirdi. Maraqlıdır, yenə də standart vəziyyətdən istifadə etməklə. Aha, Ayxan Abbasov çarəni tapıb, deməli.

Son 3 turdakı qələbəni 9 qolla qazanıblar. Əksəriyyətini də standart epizoddan vurublar. Belə vəziyyətlər oyunun bir parçasıdır və məqbuldur.

Nə fərqi, əsas odur, qələbə olsun.

Bilirsiz, indi bəndəniz nə fikirləşir? Tovuzun sadiq azarkeşi sevimli komandasının baş məşqçisi üçün bu plankartı açmalıdır: «Şir həmin şirdir».

Bu komandanı Ayxan Abbasov formalaşdırıb. Nadir Nəbiyevlə birgə. Öz ciblərindən xeyli pul xərcləyiblər. Hələ də həmin borc onlara qaytarılmayıb.

Bəlkə də Tovuzda bir çox şəxsin bundan məlumatı yoxdur. Özləri açıb-ağartmayıblar, «biz pulu uşağımızın boğazından kəsib komandanı yığanda, siz harada idiz» sualı verməyiblər.

Amma bunu demək lazımdır. Qoy hamı həqiqəti bilsin, «Turan»ın buyerlərə gəlib çatması boş hava udmaqla olmayıb.

Yaxından və uzaqdan əziyyəti keçən insanlar var, dəyərləri də üzərində.

İtirmək olmaz. Həm bu adamların zəhmətini, həm də «Turan» yolunda elədiklərini.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti