“Bizə demişdilər ki, 3 milyonu alıramsa, legionersiz oynamalıyam”

14 May 2023 02:20 Turan 1 212
“Bizə demişdilər ki, 3 milyonu alıramsa, legionersiz oynamalıyam”

Bir neçə gün öncə AFFA-nın Klublar Komitəsinin iclası keçirilib. İclasda AFFA, həmçinin Peşəkar Futbol Liqasının rəhbərliyi və Azərbaycan Premyer Liqasında çıxış edən klubların nümayəndələri iştirak ediblər.

Ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub. Klub rəsmiləri həm legioner, həm də bir sıra məsələlərlə bağlı öz narazılıqlarını çatdırıb, müəyyən fikirlər irəli sürüblər.

“Turan Tovuz”un Müşahidə Şurasının sədri Oqtay Abdullayev də komitənin iclasında iştirak edib.

Sportinfo.az xəbər verir ki, veteran futbolçu “qaynarinfo”ya açıqlamasında iclasda müzakirə olunan bəzi məsələlərdə razılığa gəldiklərini bildirib:

“Müəyyən məsələlər qoyulmuşdu. Sağ olsun Rövnəq Abdullayev, bizi dinlədi və necə istəyiriksə, elə də olacağını bildirdi. Bu məsələlərdən biri 150 min manat söhbəti idi. Qayda qoymuşdular ki, hansı klub xaricə azərbaycanlı oyunçu satarsa, 150 min manat bonus alacaq. İndiki zamanda bu, çətin məsələdir. Ona görə də belə qərara gəlindi ki, 150 min manatı yığmalara oyunçu verən klublara hissə-hissə, bonus kimi ayırsınlar. Məbləğ aşağı yaş qrupundan ibarət və əsas yığmalara verilən futbolçulara görə dəyişəcək. İndiki dönəmdə, məsələn, xaricə “Qarabağ”, “Neftçi” və ya “Sabah” kimi komandalar futbolçu sata bilər. Aşağı pillələrdə gedən klublar üçün isə çətindir. Bizim akademiya yeni fəaliyyətə başlayıb. Ona görə də biz yalnız 5-6 ildən sonra xaricə futbolçu sata bilərik.

Qadın futbolu ilə bağlı məsələ isə UEFA və FİFA-nın tələbidir. istəyirik ki, 50 min manat da heç olmasa uşaq futboluna ayırsınlar. İnkişaf üçün uşaq futbolunun bünövrəsi olmalıdır”.

Abdullayev legioner limiti ilə bağlı müzakirələr barədə bunları söyləyib:

“Səviyyəli legionerlər gətirilməlidir. Milli üçün azərbaycanlı uşaqları yetişdirmək lazımdır. Birinci Divizionda bir ara limit tətbiq olundu və xeyli istedadlı uşaqlar batdı. Uşağın yanında təcrübəli futbolçu da olmalıdır. Biz o vaxt Naxçıvan komandasında oynayanda ilk iki ildə zəif çıxış etdik. Növbəti ildə rəhmətlik Əhməd Ələsgərov 5 nəfər səviyyəli legioner gətirdi. Onlar bizə futbolu necə oynamaq lazım olduğunu öyrətdilər. Həmin vaxt 19-20 yaşımız vardı. İndi də komandalara belə təcrübəli futbolçular lazımdır. Təkcə uşaq-muşaqla inkişaf olmur. Uşaqlar da kiməsə baxıb öyrənməlidirlər”.

Klub rəsmisi müəyyən məsələlərdə AFFA ilə razılığa gəldiklərini bildirib:

“Legionerlərlə bağlı məsələdə razılığa gəldik. Qadın futbolu barədə fikirlərini bizə bildirəcəklər. Bir də 150 min manatla bağlı qərarı düzgün hesab edirəm. Klublar çalışacaqlar ki, yığmaya daha çox oyunçu versinlər. İclasda irəli sürdüyümüz tələblərin yerinə yetirilməsində köməklik etdilər. Futbolu klublarda idarə edən bizik. 3 milyon ayırıblar, təyinatını veriblər. Bəzi klublar infrastruktura, bəziləri uşaq futboluna daha çox pul xərcləyir. Bizə demişdilər ki, ayrılacaq 3 milyon manata legioner transfer etmək olmaz. Yəni sponsorum yoxdursa, 3 milyonu alıramsa, legionersiz oynamalıyam. Legionersiz komanda oynaya bilmir axı. Baxın “Şamaxı” legionersiz komandadır, amma çox əziyyət çəkir. Onların daha yüksək pillələrdə getmək şansı azdır. Legioner lazımdır”.

Keçmiş futbolçu yeni sponsorun gəlişindən sonra qarşıda hansı planlar olduğunu da deyib:

“Sponsorumuz çox böyük işlər görür. Əvvəlcə tablo alındı. Çox gözəl tablodur, hesabla yanaşı, heyətlər də yazıla bilir. Oyunların çəkilişi üçün üç qüllə quruldu. Bundan əlavə projektorlar da alınıb. Avqustda quraşdırılmalıdır. Gələn ildən oyunlarımızı axşam saatlarında keçirmək mümkün olacaq. Günorta oynamaqda futbolçular əziyyət çəkir. Yayda 42 dərəcə istidə oynamalı olurlar. Əsas meydançamız süni örtüklüdür. Dəyişdirilməsi gündəmdədir. Sponsorumuz razılıq verib, süni ot örtüyü təbiisi ilə əvəzlənəcək. Bundan əlavə, məşq üçün süni örtüklü meydançalar da salınacaq. İki təbii örtüklü meydança nəzərdə tutulub - biri hazırda oynadığımız stadionda, digəri Qaraxanlıda”.

Abdullayev “Turan Tovuz”da olan intizamın nəticələrə də təsir etdiyini bildirib:

“Turan Tovuz”da 8 ildir çalışıram. Bizdə olan intizam yalnız “Qarabağ”da var. 8 ildir hamımız birlikdə çalışırıq. Düzgünlüyümüz, təmizliyimiz olmasaydı, çoxdan dağılmışdıq. Bu, nəticələrə də təsir göstərir, son vaxtlar komanda yaxşı oynayır”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti