Cəmi iki tur əvvəl "Turan" təhlükəli sularda üzürdü.
Ən azı kənardan belə görünürdü.
Belə ki, bütün diqqətləri ölkə kubokuna yönəldən qərb təmsilçisi Premyer Liqanı bir qədər arxa plana atmışdı.
İstəsən də, istəməsən də real durum buna vadar edirdi.
Finalın "iyi" tovuzlu futbolçuların burunlarına elə hopmuşdu ki, risk etməkdən başqa çarə qalmamışdı.
Təsadüf deyil ki, kollektiv "Şamaxı", "Səbail" kimi autsayderlərlə oyunlarda vacib xallar itirdi. Təsəlli isə "əsas odur finala çıxaq" istəyi idi. "Neftçi" ilə cavab matçının son dəqiqələrində gələn qollar şok məğlubiyyət yaşatdısa, bu istəyi də ürəkdə qoydu.
Amma hər işdə bir xeyir var deyiblər. Ayxan Abbasovun yetirmələri kubok adlı ağır yükdən azad olan kimi, Premyer Liqada özünü suda balıq kimi hiss etməyə başladı. İndi Abbasovun yetirmələri rəqib tanımır.
Tovuzda cəmi 2-3 həftə əvvəl yaşanan istefa havası indi özünü günəşli günlərə verib.
Qarşısıalınmaz bölgə klubu güclü rəqibləri bir-bir sıradan çıxarmaqla məşğuldur. Səfərdə avrokuboklar üçün döyüşən "Zirə"yə şans tanımadılarsa (3:1), doğma meydanda güclü "Neftçi"nin daşını daş üstə qoymadılar - 4:0.
Qarşıda isə hələ 3 tur var. Daha kimlərin başı ağrıyacaq? Onu da yaşayıb görərik.
XANOĞLAN İMANOV

