“Neftçi“ ağrılar içində - Tovuzda “qırğın” olacaq

7 May 2023 11:55 Turan 1 199
“Neftçi“ ağrılar içində - Tovuzda “qırğın” olacaq

Hesabat turunun ən prinsipial qarşılaşması Tovuzda baş tutacaq.

Mayın 7-də “Turan Tovuz” ölkə kubokunun finalçısı “Neftçi”ni qəbul edəcək.

Artıq indidən oyunun hansı məcrada keçəcəyini təxmin etmək çətin deyil. Ortada prinsipial məqamlar var ki, onlara nəzər salacağıq.

Finaldakı məğlubiyyət

Ölkə kubokunun yarımfinal qarşılaşmaları tovuzlularla bakılıların duellərini gözəlləşdirmişdi. Qərb təmsilçisinin doğma meydanda 1:0 hesablı qələbəsindən sonra finala yüksəlmək şansı artmış, cavab görüşünün 90 dəqiqəsi qolsuz bərabərliklə yükunlaşmışdı.

“Turan Tovuz”u finaldan dəqiqələr ayıran vaxtda Emin Mahmudovla Kenni Sayefin qolları “ağ-qaralar”ı iyunun 3-dəki oyuna daşımışdı. Ayxan Abbasovun yetirmələri təcrübəsizlik və yorğunluq ucbatından istəyinə çata bilməmişdi.

İndi tovuzlu azarkeşlərin gözləri önündə növbəti qələbəni qazanaraq özlərinə təsəlli verməyə çalışacaqlar.

Vüqarın əl jesti

Elə həmin görüşün sonları qalmaqallarla yadda qalmışdı. Klubun tərcüməçisi Vüqar Əliyev Mahmudovun vurduğu qolun sevincini yaşayarkən üzünü “Turan Tovuz”un ehtiyat oyunçular skamyasına tutub əl jestləri etmişdi ki, bu, qonaqların ciddi narazılığına səbəb olmuşdu.

İntizam Komitəsi Vüqara 5 oyunluq cəza vermiş, klubu 4000 manat cərimələmişdi. Lakin bu cəza kubok yarışı üçün keçərlidir. Bu isə o deməkdir ki, tərcüməçi Tovuzda iş başında olacaq. Təbii, klub rəhbərliyi bunu məsləhət görərsə.

Brkiçin yolunu gözləyirlər

İvan Brkiçin etdiyi də unudulmayıb. Xorvat qolkiper ikinci hissənin gedişində qonaq fanatların təzyiqini hiss etdiyindən, hakimin final fitindən sonra üzünü tovuzlu azarkeşləə çevirmişdi.

Onlara qeyri-etik jest edən Brkiçin əməli “Turan Tovuz”un bəzi futbolçuları tərəfindən hirslə qarşılanmışdı. “Neftçi”nin qapıçısının Tovuzda necə qarşılanacağını da bazar günü görəcəyik.

Bu gün keçiriləcək “Turan Tovuz” – “Neftçi” oyunu saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti