"Neftçi"nin idman direktoru Zaur Əzizov ölkə kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Turan Tovuz"u məğlub etdikləri (0:2) oyun haqqında maraqlı iddia ilə çıxış edib.
Belə ki, klub rəsmisi saytımıza açıqlamasında qonaq komandanın rəhbərliyini onların futbolçularını AFFA-ya şikayət etməkdə qınayıb.
SİTAT: "Bizdə məlumat var ki, bu oyundan sonra bəzi futbolçularımızdan AFFA-ya şikayət olunub.
Təkcə Voyislav Stankoviçin deyil, İvan Brkiçin də qələbə sevincini qeyd etdiyi görüntülər AFFA-ya təqdim olunub.
Bildirilib ki, guya bizim futbolçular rəqibə və onların azarkeşlərinə qarşı qeyri-etik hərəkətlərə yol verib. Bunların heç bir əsası yoxdur.
Düşünürəm ki, artıq həmin oyunu unutmaq lazımdır. Çünki biz Tovuzda ilk oyunu uduzanda "Turan" rəhbərliyini təbrik elədik. Burada isə onlara uğurlar arzuladıq.
Yaxşı olar ki, hər iki komanda bundan sonra bütün fikrini qarşıdakı çempionat oyunlarına versin".
Bəs, əsl həqiqət necədir? "Turan" rəhbərliyi barələrində səslənən iddialarla razıdırlarmı?
Suallarımıza cavab olaraq klubun mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev bunları dedi:
"İlk öncə onu bildirim ki, nə rəsmi, nə də qeyri-rəsmi formada bizim klub hansısa quruma "Neftçi" futbolçusundan şikayət etməyib.
Onsuz da, "Turan" mübarizəni kubokda dayandırıb. Bundan sonra kimin meydana çıxıb-çıxmamağı bizə maraqlı deyil.
Qarşılaşmadan sonra rəqib komandanın rəhbərliyini təbrik etmək məsələsinə gəldikdə isə "Turan" rəhbərliyi bunu edib.
Qarşılaşmanın final fitindən sonra rəhbərliyimiz "Neftçi" rəsmilərini qələbə münasibəti ilə təbrik etdi və gələcək oyunlarda uğurlar arzuladı.
"Turan"nın rəqib komandalara qarşı necə xoşrəftar davrandığı, necə qonaqpərvərlik göstərdiyi hər kəsə məlumdur.
Azərbaycanda heç bir klubunun diktoru qonaq komandanı, onun azarkeşlərini "xoş gəlmisiniz" şuarı ilə qarşılamır.
Tovuzda hər oyundan əvvəl belə ənənə var. Hər zaman konfiliktdən uzaq olmuşuq.
Kiməsə hörmətsizliyimiz olmayıb. Çünki bizim klub olaraq missiyamıza belə şeylər daxil deyil".
XANOĞLAN

