Ölümünə… Gələn mövsüm də Premyer Liqada!

2 May 2023 17:00 Turan 2 294
Ölümünə… Gələn mövsüm də Premyer Liqada!

Premyer Liqada qalmaq dərdi çəkənlərdən sırasını daha bir iştirakçı tərk etdi.

«Turan Tovuz» Zirədə qurtuluş bayrağı qaldırdı. Ən azı, daha 1 sezon buralardadırlar.

Son 5 turda 1 xal qazansaydılar, bu da debütanta kifayət edəcəkdi. Yəni, bu oyunların dördünü uduzub, birində heç-heçə imza atsaydılar, turnir cədvəlinin dibinə yuvarlanmayacaqdılar.

Hesablama qaydası sadədir: ikinci «eşalon»da özünə gün ağlamaq zərurəti hiss edənlərə 30 xal toplamaq yetərlidir.

«Turan»da bu rəqəm artıq 32-dir. İndi gələn mövsümə sevə-sevə, sevinə-sevinə hazırlaşmaq olar.

Yeddi tur idi qazana bilmirdilər. İlk üç qarşılaşmada uduzduqları «Zirə»yə bu səfərdə qalib gəlmələri, doğrusu, gözlənilmirdi.

Oyundan qabaq Ayxan Abbasova söyləsəydilər, çox düşünmədən deyərdi ki, mən 1 xala ikiəlli razıyam.

Həftələrdir onun əsəbləri ilə «oynayan» futbolçular Zirədə həqiqətən qələbəyə layiq əmək sərf etdi, qarşılaşmanın başından axırına kimi intizamlı təsir bağışladı.

Ölümünə çalışdılar. O da göründü ki, Bakının havası legionerlərə ləzzət eləyib, doyunca mübarizə apardılar.

Tovuzda qalmaq əcnəbi futbolçular üçün əzabvericidir, sıxılırlar. Gəzməyə yer yox, getməyə yer yox.

Bir həftə Bakıda qaldılar, qəfəsdən çıxmış quş kimi Zirə səmasında süzdülər.

ELNUR

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti